Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: "Diplomatik böhran var, amma tamamilə qopmaqdan danışmaq hələ tezdir"
Ekspert: "Diplomatik böhran var, amma tamamilə qopmaqdan danışmaq hələ tezdir"

“İndiki mənzərə ölkə arasındakı münasibətlərin daha da çətinləşəcəyinə işarə edir. Onsuz da Qəzza müharibəsindən sonra diplomatik münasibətlər ciddi şəkildə gərginləşmiş, qarşılıqlı sərt bəyanatlar və diplomatik təmasların azalması əlaqələri ən aşağı səviyyələrdən birinə endirmişdir. İsrailin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərar isə mövcud etimad böhranını daha da dərinləşdirə biləcək yeni bir amil kimi meydana çıxır”.

Bu barədə Bizimyol.info xəbər portalına Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri Mehmet Gökhan Özçubukçu danışıb.

O deyib ki, burada vacib məqam ondan ibarətdir ki, diplomatik böhran ilə diplomatik əlaqələrin tamamilə kəsilməsi eyni anlayış deyil.

“Beynəlxalq münasibətlər təcrübəsi göstərir ki, dövlətlər ən ciddi siyasi fikir ayrılıqları yaşadıqları dövrlərdə belə ünsiyyət kanallarını tam bağlamamağa çalışırlar. Türkiyə ilə İsrail arasında enerji təhlükəsizliyi, Şərqi Aralıq dənizi, ticarət, regional təhlükəsizlik və ABŞ ilə münasibətlər kimi qarşılıqlı maraqların mövcud olduğu bir çox strateji sahələr qalmaqdadır. Buna görə də yaşanan gərginliyin qısa müddətdə ritorika səviyyəsində sərtləşməsi ehtimal olunsa da, uzunmüddətli perspektivdə bunun tamamilə geri dönüşü olmayan bir qopmaya çevriləcəyini söyləmək üçün hələ tezdir”-deyə ekspert vurğulayıb.

O, deyib ki, İsrailin qəbul etdiyi qərar yalnız tarixi yaddaşla bağlı mübahisə deyil, eyni zamanda regional diplomatiya, beynəlxalq hüquq və geosiyasi rəqabət baxımından da mühüm nəticələr doğura biləcək xarakter daşıyır. Türkiyənin qərara sərt reaksiya verməsi və Azərbaycanın da oxşar şəkildə tarixi məsələlərin siyasi qərarlarla formalaşdırılmasına qarşı çıxması Ankara-Bakı xəttində xarici siyasət koordinasiyasının davam etdiyini göstərir.

“Qarşıdakı dövrdə tərəflərin ritorikasının sərtləşməsi mümkün görünsə də, regional sabitliyin qorunması baxımından diplomatik dialoq kanallarının açıq saxlanılması və tarixi məsələlərin siyasi rəqabətin deyil, elmi araşdırmaların və beynəlxalq hüququn mövzusu kimi dəyərləndirilməsi uzunmüddətli həll baxımından ən sağlam yanaşma olacaqdır”-deyə ekspert bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »