Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəli deputatdan AŞPA-da Azərbaycana dəstək: “Qaydalar bütün üzvlərə eyni tətbiq olunmalıdır”
Türkiyəli deputatdan AŞPA-da Azərbaycana dəstək: “Qaydalar bütün üzvlərə eyni tətbiq olunmalıdır”

Türkiyə Böyük Millət Məclisinin deputatı Zeynep Yıldız Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Azərbaycana qarşı nümayiş etdirilən yanaşmanı kəskin tənqid edib. O, təşkilat daxilində ikili standartların mövcud olduğunu bildirərək, bütün üzv dövlətlərə eyni prinsiplərlə yanaşılmasının vacibliyini vurğulayıb.

Deputat çıxışında Avropa Şurasının əsas məqsədinin üzv ölkələr arasında əməkdaşlığın və birliyin gücləndirilməsi olduğunu xatırladıb. Onun sözlərinə görə, Assambleyada formalaşmış mövcud mühit bu prinsiplərlə uzlaşmır və bəzi dövlətlərə qarşı ayrı-seçkilik nümayiş etdirilir.

Zeynep Yıldız qeyd edib ki, təşkilatın qaydaları istisnasız olaraq bütün üzvlərə eyni şəkildə tətbiq edilməlidir. O bildirib ki, bəzi ölkələr ciddi şəkildə tənqid və təzyiqlərlə üzləşdiyi halda, digərlərinin fəaliyyətinə eyni həssaslıqla yanaşılmır ki, bu da qurumun obyektivliyinə kölgə salır.

Türkiyəli deputat çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra ölkə nümayəndə heyətinin etibarnamələrinin müzakirəyə çıxarılmasını və azərbaycanlı deputatların Assambleyadakı fəaliyyətinin məhdudlaşdırılmasını da xatırladıb. O, bu qərarın ədalətli olmadığını bildirərək, Azərbaycanın regionda dialoq və əməkdaşlıq təşəbbüslərini davam etdirdiyi bir dövrdə belə addımların qəbuledilməz olduğunu vurğulayıb.

Yıldızın fikrincə, Avropa Şurası öz təsis prinsiplərinə sadiq qalmalı, bütün üzv dövlətlərə münasibətdə qərəzsiz və bərabər yanaşma nümayiş etdirməlidir. O, Assambleyanın etimadını qoruması üçün ikili standartlardan uzaq, hüquq və ədalət prinsiplərinə əsaslanan fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb.

Son xəbərlər
Bütün xəbərlər »