Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UTX Kerçdə iki hərbi təyinatlı gəmi və bir bərəni vurduğunu açıqlayıb
UTX Kerçdə iki hərbi təyinatlı gəmi və bir bərəni vurduğunu açıqlayıb

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın müvəqqəti işğalı altında olan Kerç şəhərində yerləşən "Zatoka" gəmiqayırma zavodunda olan hərbi təyinatlı təminat gəmilərinə, həmçinin Kerç boğazı ətrafındakı hava hücumundan müdafiə vasitələrinə uğurlu zərbələr endirdiyini bəyan edib.

Bizimyol.info xəbər verir ki, UTX-nin mətbuat xidmətinin yaydığı məlumata görə, əməliyyat Ukrayna Prezidenti Vladimir Zelenskinin tapşırığı əsasında həyata keçirilən Rusiyaya qarşı 40 günlük əməliyyat çərçivəsində baş tutub.

Bildirilir ki, xüsusi təyinatlı "Alfa" bölməsinin pilotsuz uçuş aparatları layihə 15310-a aid "Volqa" və "Vyatka" kabel gəmilərini, eləcə də 96 faiz hazır vəziyyətdə olan "Petropavlovsk" yük-sərnişin bərəsini hədəfə alıb. Zərbələr nəticəsində gəmilərdə genişmiqyaslı yanğın baş verib.

UTX-nin məlumatına əsasən, "Volqa" və "Vyatka" gəmiləri Rusiya Müdafiə Nazirliyi üçün inşa edilib. Onların əsas təyinatı sualtı hərbi kəşfiyyat üçün nəzərdə tutulmuş "Qarmoniya" hidroakustik müşahidə sisteminin yerləşdirilməsi olub. Bundan əlavə, bu gəmilərin hərbi gəmilərə, sualtı boru kəmərlərinə, rabitə kabellərinə və digər kritik infrastruktur obyektlərinə qarşı məsafədən idarə olunan minalar yerləşdirmək imkanına malik olduğu qeyd edilir. Hər bir gəminin dəyərinin yüz milyonlarla dollar olduğu bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, UTX-nin dronları Kerç boğazını qoruyan "S-400" zenit-raket kompleksinin tərkibinə daxil olan radiolokasiya stansiyasını və silah sistemlərini də vurub.

UTX bəyan edib ki, Rusiyanın işğal altındakı Krımdakı hərbi infrastrukturuna qarşı davamlı zərbələr yarımadanın logistika və hərbi baza kimi istifadəsini çətinləşdirir. Qurumun qiymətləndirməsinə görə, hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması yeni yüksək dəqiqlikli zərbələr üçün imkan yaradır, gəmilər və liman infrastrukturunun zədələnməsi isə Rusiya qoşunlarının təminat imkanlarını zəiflədir.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski iyunun 25-də UTX üçün Rusiyaya qarşı 40 günlük əməliyyat planını təsdiqləmişdi. Prezident bildirmişdi ki, qurum son aylarda müxtəlif tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə cəbhədə Ukraynanın mövqelərinin müdafiəsində yüksək nəticələr göstərir.

Bundan əlavə, Ukrayna mənbələri bu gün Rusiyanın Tula vilayətinin Novomoskovsk şəhərində yerləşən "Azot" zavodunun da dron zərbəsinə məruz qaldığını iddia edib. Müəssisə Rusiyanın ən iri ammonyak və azot gübrələri istehsalçılarından biri hesab olunur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »