Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə sürücülər üçün cərimələr azaldılır: Azərbaycanda azı 2-3 dəfə yüksəkdir
Qonşu ölkədə sürücülər üçün cərimələr azaldılır: Azərbaycanda azı 2-3 dəfə yüksəkdir

Sürücülər üçün cərimələrin miqdarı azaldılır, amma bizim ölkədə yox. Gürcüstanda belə addım atmaq qərarına gəliblər. Orada İnzibati Xətalar Məcəlləsində dəyişiklik olunur. Sürət həddini aşmağa görə cərimələrin yüksək olduğunu düşünürlər. Cərimələr təxminən iki dəfə azaldılır.

Bizimyol.info xəbər verir ki, Gürcüstanda sürət həddini aşmağın cəzası Azərbaycanla müqayisədə daha yüksək idi. Sürət həddini 40 km/saat-a qədər keçmək sürücülərə təxminən 64 manata başa gəlirdi. Məsələn, Azərbaycanda buna görə 50 manat ödəmək lazım gəlir. Bundan sonra Gürcüstanda bənzər qayda pozuntusu sürücüləri 32 manat zərərə salacaq.

Açığı, manatla müqayisə aparmaq qüsurlu görünür. Nəzərə almaq lazımdır ki, qonşu ölkədə həm minimum, həm də orta aylıq əməkhaqqının məbləği bizimlə müqayisədə yüksəkdir. Yəni ödənilən cərimə gürcü sürücülərə daha yüngül yük kimi görünür.

Başqa ölkələrlə müqayisə aparmaq olar. İsveçrədə saatlıq minimum əməkhaqqı kantonlar üzrə fərqlənir. Bir saat üçün məvacib ölkənin müxtəlif yerlərində 21,35-24,59 frank arası dəyişir. İsveçrədə qırmızı işıqda keçməyin cəriməsi 250 frankdır. Yəni ən çoxu 10-11 saat işləməklə bu məbləği qazanmaq olar. Azərbaycanda eyni cəza 100 manatla qiymətləndirilib. Bizim ölkədə minimum əməkhaqqının ümidinə qalmısınızsa, onda uyğun cəriməni ödəmək üçün bir həftə işləmək lazım gələcək.

İsveçrədə təyin olunmuş yerlərdə piyadaya yol verməməyin cəriməsi 140 frankdır. İsveçrəli bunun üçün ən çoxu 6-7 saat işləməlidir. Azərbaycanda isə belə cərimə ilə üzləşən sürücü cərimə məbləği sayılan 40 manatı çıxarmaq üçün təxminən üç dəfə çox işləməlidir.

Biz hələ minimum əməkhaqqı məbləğlərini nəzərə alaraq müqayisə apardıq. İsveçrədə median əməkhaqqı 7 min frankdır, cərimələr böyük görtünmür. Azərbaycanda uzun müddətdir median əməkhaqqı ilə bağlı statistika açıqlanmır. Axırıncı dəfə 460 manat olduğu bildirilmişdi. Müqayisə aparanda bizdə cərimələrin xeyli yüksək olması ortaya çıxır. Azərbaycanda da qonşu ölkədəki kimi addım atılmasına ehtiyac var.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »