Avropada yaşayan Rusiyanın "Stoptaym" musiqi qrupunun üzvləri 2026-cı il iyunun 24-də "STOPTIME – Niyə?" adlı yeni kliplərindən qısa bir fraqment yayımlayıblar.
Bizimyol.info xəbər verir ki, "Deutsche Welle" agentliyinin məlumatına görə, görüntülər Berlində, Reyxstaq binası və Brandenburq qapısı yaxınlığında yerləşən Avropada qətlə yetirilmiş yəhudilərin Mərkəzi Xatirə Memorialının ərazisində lentə alınıb.
2005-ci ildə istifadəyə verilən memorialın tərkibinə nasist Almaniyası dövründə törədilmiş cinayətlərin araşdırılmasına dair materialların toplandığı yeraltı sənədləşdirmə mərkəzi də daxildir.
Videonun yayımlanması çəkiliş məkanı seçiminin etik cəhətdən nə dərəcədə düzgün olması ilə bağlı ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Jurnalistlərin sorğusuna cavab olaraq Avropada qətlə yetirilmiş yəhudilərin Mərkəzi Xatirə Memorialı Fondu bildirib ki, tarixi kompleksin rəhbərliyi çəkilişlərin aparılmasına icazə verməyib və bütün kadrlar musiqiçilər tərəfindən rəsmi razılıq alınmadan çəkilib.
Fond nümayəndələri bununla bağlı artıq rus musiqi qrupunun menecmenti ilə əlaqə saxladıqlarını açıqlayıblar.
Eyni zamanda, jurnalistlərin bu cür məkanda müharibə əleyhinə videoların çəkilməsinin yolverilən olub-olmaması ilə bağlı müraciət etdikləri Almaniyadakı Yəhudilərin Mərkəzi Şurası məsələ barədə rəsmi açıqlama verməkdən imtina edib.
"Stoptaym" qrupunun üzvləri isə tənqidlərə operativ reaksiya göstərərək rəsmi "Instagram" hesablarında açıqlama yayıblar.
Onlar bildiriblər ki, memorial onlar üçün nə "gözəl dekorasiya", nə də diqqət çəkmək vasitəsi olub. Qrupun sözlərinə görə, bu məkan müharibələrin, zorakılığın və bəşəriyyətə qarşı törədilmiş cinayətlərin qurbanlarının xatirəsini simvolizə etdiyi üçün şüurlu şəkildə seçilib.
Kollektivin üzvləri əlavə ediblər ki, onların əksəriyyəti yəhudidir və mahnı işğalçı əsgərin dilindən yazılıb. Məqsəd isə aqressiyanın və müharibənin dağıdıcı nəticələrini nümayiş etdirməkdir.
Bizimyol.info






