Avropa Komissiyası (AK) ilk dəfə olaraq Avropa İttifaqına yeni gələn, Ukraynada hərbi xidmətə çağırılma yaşında və cəbhəyə göndərilməyə yararlı olan ukraynalı qaçqınların müvəqqəti müdafiə statusundan çıxarılmasını təklif edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında daxili işlər və miqrasiya üzrə Avropa komissarı Maqnus Brunner məlumat verib.
“Biz Ukraynanı tərk etməsinə icazə verilməyən ukraynalıların müvəqqəti müdafiə statusundan istisna olunmasını təklif edirik”, – deyə o bildirib və vurğulayıb ki, Avropa İttifaqı artıq Avropaya gəlmiş şəxsləri geri göndərməyəcək: “Artıq burada olanlar üçün heç nə dəyişməyəcək”.
O, jurnalistlərin dəqiqləşdirici sualına cavabında bu tədbirin ilk növbədə “çağırış yaşında olan şəxslərə” şamil ediləcəyini təsdiqləyib.
“Bu, Ukraynanın bizdən xahiş etdiyi bir məsələdir”, – deyə o əlavə edib və Brüsselin bu vəziyyətdə insan hüquqlarının pozulması ilə bağlı hər hansı problem görmədiyini bildirib. Bu təklif ilk dəfə irəli sürülür. Onun qüvvəyə minməsi üçün Aİ Şurasının təsdiqi lazımdır və bunun ehtimalı yüksək hesab olunur, çünki iyun ayında Aİ daxili işlər nazirləri bu məsələni ilkin olaraq müzakirə etmişdilər. Təşəbbüsə ən güclü dəstəyi Almaniya və Polşa verir.
Avropa Komissiyası həmçinin ukraynalılar üçün müvəqqəti müdafiə statusunun 2028-ci il 4 mart tarixinədək uzadılmasını və “Ukraynalıların könüllü qayıdışı” proqramının başladılmasını tövsiyə edib.
Aİ-də müvəqqəti müdafiə statusu 2022-ci ilin martında Ukraynadan gələn qaçqınlar üçün tətbiq olunub. Bu status ukraynalı vətəndaşlara viza və ya yaşayış icazəsi tələb olunmadan Aİ-də yaşamaq, işləmək, təhsil almaq və sosial müavinətlər almaq hüququ verir. Hazırda Avropa İttifaqında təxminən 4,4 milyon ukraynalı qaçqın var, onların demək olar ki, yarısı Almaniya və Polşadadır. Avrostatın məlumatına görə, bu qaçqınların təxminən 26%-i kişilərdir. Onların nə qədəri hərbi çağırış yaşında olduğu barədə isə açıq rəsmi statistika mövcud deyil.
Bizimyol.info






