Vətəndaş sosial mediada videogörüntüdə bildirib ki, Sumqayıt, Novxanı çimərliyində avtomobillər üçün maneə yaradan xəndəklər qazılıb. Bu, çimərliyə avtomobillərlə girişin bağlanması kimi izah edilib.
Vətəndaşın sözlərinə görə, bu vəziyyət insanların seçim imkanını məhdudlaşdırır. Videoda bildirilir ki, hamı məcbur qalır, söhbətgahlarda oturub yemək yeyir. Sakin deyir ki, hər kəsin söhbətgahda yemək yemək və ya xidmətlərdən istifadə etmək imkanı olmaya bilər. “Bəlkə mən söhbətgahda yemək istəmirəm, bəlkə imkanım yoxdur, bəlkə, sadəcə, çay içmək istəyirəm”, – deyə vətəndaş etirazını bildirib.
Bəs, ümumiyyətlə, Novxanı çimərliyində xəndəklərin qazılmasının məqsədi nədir?
Yaranan sualla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, nəqliyyat vasitələri üçün ödənişsiz parkinq sahələri də yaradılıb: “Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən dənizkənarı ərazilərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması, onların rahat istirahəti və sahilboyu zonanın qorunması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Buna üçün nəqliyyat vasitələrinin saxlanılması üçün ödənişsiz parkinq sahələrinin yaradılması istiqamətində işlər görülüb.
Bildirilir ki, bu addımlar sakinlərin çoxsaylı müraciət və şikayətləri nəzərə alınmaqla atılıb. Əvvəlki dövrlərdə nəqliyyat vasitələrinin istirahət və çimərlik zonalarına daxil olması vətəndaşlar üçün narahatlıq yaradıb və bəzi hallarda təhlükəli vəziyyətlərə səbəb olub. Bu səbəbdən, xüsusilə, uşaqların və ailələrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sahilboyu ərazilərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hazırda avtomobillərin yalnız bunun üçün ayrılmış parkinq sahələrində saxlanılması nəzərdə tutulur. Əsas məqsəd dənizkənarı ərazilərin vətəndaşlar tərəfindən daha təhlükəsiz və rahat istifadəsini təmin etməkdir”.
Həmçinin vurğulanıb ki, Xəzər dənizi sahili boyunca ictimai çimərliklərin yaradılması və inkişafı istiqamətində abadlıq işləri davam etdirilir: “Məqsəd şəhər sakinlərinin və qonaqların dəniz sahilindən sərbəst, təhlükəsiz və komfortlu şəkildə istifadə etməsinə şərait yaratmaqdır. Bu baxımdan, avtomobillərin çimərlik ərazilərinə girişinin məhdudlaşdırılması ictimai məkanların qorunmasına, insanların təhlükəsizliyinə xidmət edir”.
Günel Həsənova, Bizimyol.info






