ABŞ-ın İrana qarşı neft ixracı ilə bağlı bəzi sanksiyaları və məhdudiyyətləri 60 gün müddətinə dayandırması Yaxın Şərqdə gərginliyin yüksək olaraq qaldığı və danışıqların davam etdiyi bir dövrə təsadüf edir.
Son həftələrdə baş verən hadisələr regionun təhlükəsizlik arxitekturasında ciddi dəyişikliklərin baş verdiyini göstərsə də, vəziyyətin sabitləşdiyini demək üçün hələ erkəndir.
Belə bir şəraitdə Vaşinqtonun addımı ilk baxışda iqtisadi motivli qərar kimi təqdim olunsa da, əslində bu qərarın arxasında daha çox taktiki və ziddiyyətli geosiyasi hesablamaların dayandığı görünür.
İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son illərdə ABŞ–İran münasibətləri ardıcıl dialoq və ya sabit diplomatik xətt üzərində deyil, daha çox qarşılıqlı təzyiq və dövri eskalasiya modeli üzərində formalaşıb. Xüsusilə enerji sektoruna yönəlmiş sanksiyalar İran iqtisadiyyatının əsas dayaq nöqtələrini zəiflədərək ölkənin neft ixrac imkanlarını uzunmüddətli təzyiq altında saxlayıb. Bu isə İran iqtisadiyyatını həm valyuta gəlirləri, həm də xarici maliyyə axınları baxımından ciddi şəkildə məhdudlaşdırıb.
“60 gün müddətində bəzi sanksiyaların müvəqqəti yumşaldılması yalnız iqtisadi və ya humanitar yanaşma kimi izah edilə bilməz. Əksinə, bu addım Vaşinqtonun eyni anda həm təzyiqi qorumağa, həm də nəzarət olunan boşluq yaratmağa çalışdığını göstərir. Yəni ABŞ bir tərəfdən sərt sanksiya sistemini saxlayır, o biri tərəfdən isə, situasiyaya uyğun çevik güzəştlərlə siyasi manevr imkanlarını genişləndirir.
İran neftinin bazara qismən qayıdışı qısa müddətdə qiymət təzyiqlərini azaldacaq, lakin bu, problemin struktur xarakterini həll etmir.
Əksinə, bu cür müvəqqəti qərarlar bazarda gözlənti dalğalanmalarını artıraraq qeyri-müəyyənliyi daha da dərinləşdirə bilər. Bu baxımdan ABŞ-ın addımı sabitləşdirici deyil, daha çox idarə olunan balans siyasəti kimi qiymətləndirilməlidir”-deyə iqtisadçı vurğulayıb.
O bildirib ki, 60 günlük müddətin özü bu siyasətin məhdud və taktiki xarakterini açıq şəkildə göstərir: "Vaşinqton nə İranla münasibətlərdə real normallaşma siqnalı verir, nə də sanksiya sistemindən imtina edir. Əksinə, indiki yanaşma təzyiq və güzəşt elementlərinin eyni anda istifadə edildiyi çevik, lakin proqnozlaşdırılması çətin bir siyasət modelinə bənzəyir" .
Onun sözlərinə görə, İran üçün isə bu dövr qısa müddətli iqtisadi nəfəsalma imkanı yaratsa da, strateji baxımdan qeyri-sabitlik qalmaqda davam edir.
Sanksiyaların istənilən an bərpa olunması ehtimalı Tehranın iqtisadi planlamasını məhdudlaşdırır və uzunmüddətli etimad mühitinin formalaşmasına imkan vermir.
Əli Səlimov deyib: “ABŞ-ın İrana münasibətdə tətbiq etdiyi 60 günlük sanksiya güzəşti nə tam diplomatik yumşalma, nə də klassik təzyiq siyasətinin davamıdır. Bu, daha çox dəyişən regional şərtlərə uyğunlaşdırılmış, lakin ziddiyyətləri aradan qaldırmayan taktiki manevr kimi görünür.
Növbəti dövrdə bu balans siyasətinin davamlı olub-olmayacağını müəyyən edəcək əsas nüans ABŞ-İran arasında olacaq danışıqların nəticəsidir”.
İradə Cəlil, Bizimyol.info






