Fransa Prezidenti Emmanuel Makron ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) Siciliya yaxınlığında Rusiyanın kölgə donanmasına aid olduğu bildirilən "Deliver" tankerini saxladığını bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə Makron "X" sosial şəbəkəsində yazıb.
"HDQ çərşənbə axşamı günü dəniz hüququnun tələblərini pozaraq Siciliya yaxınlığından keçən "Deliver" tankerini saxlayıb",- deyə o qeyd edib.
Aralıq dənizi üzrə Dəniz Prefekturasının məlumatına görə, gəmi Primorsk limanından Kamerun bayrağı altında üzüb. Qurumun açıqlamasında deyilir ki, yoxlama qrupunun gəmiyə çıxmasından sonra sənədlərin araşdırılması istifadə olunan bayrağın qanuniliyinə dair şübhələri təsdiqləyib.
“Bununla bağlı məlumat Marsel prokurorluğuna təqdim olunub. Beynəlxalq hüquqa uyğun olaraq və prokurorun sorğusu əsasında gəmi iyunun 23-də başqa istiqamətə yönləndirilib və hazırda əlavə yoxlamaların aparılması üçün lövbər salacağı əraziyə qədər Fransa HDQ qüvvələrinin müşayiəti altındadır”, – deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, Fransa bu əməliyyatı Böyük Britaniya ilə birgə həyata keçirib.
Qadir, Bizimyol.info






