Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: Belarusun texnoloji imkanları Qərblə rəqabət aparacaq səviyyədə deyil
Politoloq: Belarusun texnoloji imkanları Qərblə rəqabət aparacaq səviyyədə deyil

Belarus rəsmən Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak etməsə də, müharibənin əvvəlindən Rusiyaya müxtəlif formalarda dəstək göstərib. Rusiya qoşunları Ukraynaya hücum zamanı Belarus ərazisindən istifadə edib, hərbi texnika və canlı qüvvənin bir hissəsi də bu marşrutla daşınıb.

Bununla yanaşı, Minsk Moskva ilə müdafiə və hərbi sənaye sahələrində əməkdaşlığını davam etdirir. Lakin Belarus ordusu indiyədək Ukrayna ərazisində genişmiqyaslı hərbi əməliyyatlara cəlb olunmayıb.

  • Belarusun Rusiya ordusuna göstərdiyi iddia olunan texniki dəstək onun müharibədəki roluna dair beynəlxalq qiymətləndirmələri dəyişə bilərmi?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Belarus müharibənin əvvəlindən birbaşa hərbi əməliyyatlara qoşulmayıb.

“Belarus əvvəldən müharibəyə qarışmayıb. Bir dəfə belə bir cəhd və ya ehtimal yaransa da, görünür, Aleksandr Lukaşenko bu fikirdən daşınıb və ya ümumiyyətlə, müharibəyə qoşulmaq istəməyib. İndiki şərait də buna imkan verməyib və Belarus bu prosesdən uzaq durmağa çalışıb.

Amma hər halda Belarus Rusiyanın ciddi təsiri altındadır.

Xüsusilə müdafiə sənayesi sahəsində iki ölkə arasında sıx əməkdaşlıq var.

“Belarusun müdafiə məhsullarının istehsalında Rusiyanın dəstəyi hiss olunur və bu sahədə bir çox layihələr müştərək şəkildə həyata keçirilir. Düzdür, Belarusun özünün istehsal etdiyi hərbi təyinatlı məhsullar da var. Lakin düşünmürəm ki, Belarusun Rusiyaya verdiyi texniki dəstək və ya istehsal etdiyi məhsullar müharibənin gedişinə ciddi təsir göstərə və yaxud beynəlxalq miqyasda böyük rezonans doğura bilər”-deyə Samir Hümbətov bildirib. O deyib ki, Belarusun yüksək texnoloji imkanlarının Qərb texnologiyaları ilə rəqabət apara biləcəyini söyləmək çətindir. Belarus əsasən SSRİ dövründən qalan zavod və fabriklərin bazasında texnologiyalarını inkişaf etdirir. Bundan başqa, Çinlə müəyyən əməkdaşlığının olduğu da görünür. Amma bunun çox güclü hərbi-texnoloji dəstək və ya yüksək səviyyəli müdafiə məhsulları istehsalı anlamına gəldiyini demək çətindir.

Politoloq hesab edir ki, Belarusun mümkün texniki dəstəyi beynəlxalq qiymətləndirmələrə düşündüyümüz qədər təsir göstərə bilməz. Bu gün Ukraynanın sərəncamında olan silahlar və texnologiyalar elə bir səviyyəyə çatır ki, onlar həm Rusiyanın, həm də Belarusun əlində olan texnologiyalardan daha üstün mövqe qazana bilir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »