Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səssiz dağılan həyatların adı: "narkomaniya”
Səssiz dağılan həyatların adı: "narkomaniya”

İyunun 26-sı dünyada Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.

Əslində narkomaniya ayrı-ayrı insanların deyil, bütöv cəmiyyətin təhlükəsizliyinə təsir göstərən ciddi problemlərdən biridir.

İngilis yazıcısı Samuel Conson hesab edirdi ki, vərdiş zəncirləri əvvəlcə hiss olunmayacaq qədər zəif olur, amma sonradan qırılması mümkün olmayacaq qədər güclənir…

Bu gün narkotikdən danışanda çox vaxt ağlımıza yalnız asılılıq gəlir. Amma məsələ bununla bitmir. Narkotik istifadəçisi yalnız öz həyatını riskə atmır. O, ailəsinin rahatlığını, övladlarının gələcəyini və cəmiyyətin təhlükəsizliyini də təhlükə altına qoyur. Buna görə də narkomaniya şəxsi seçim deyil, ictimai problemdir.

Bu fonda dağılan ailələri, yarımçıq qalan həyat hekayələrini, artan cinayət hallarını, iqtisadi itkiləri və sosial problemləri gözardı etmək mümkün deyil.

Çox vaxt narkotikə maraq, sadəcə, bir dəfə sınamaq istəyi ilə başlayır. “Bir dəfə ilə heç nə olmaz” düşüncəsi isə bir çox hallarda asılılığa çevrilir.

Asılılıq yarandıqdan sonra insanın həyatında prioritetlər dəyişir. Təhsil, iş, ailə və dostluq münasibətləri arxa plana keçir, narkotik isə əsas məqsədə çevrilir.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2025-ci il Dünya Narkotik Hesabatına görə, 2023-cü ildə dünyada təxminən 316 milyon insan narkotik vasitələrdən istifadə edib. Bu, 15–64 yaş arası dünya əhalisinin təxminən 6 faizinə bərabərdir. 2013-cü ildə bu göstərici 5,2 faiz idi. Yəni narkotik istifadəçilərinin sayı dünya əhalisinin artım tempindən daha sürətlə artır.

Statistikaya görə, dünyada ən çox istifadə edilən narkotik maddə kannabisdir. 2023-cü ildə 244 milyon nəfər bu maddədən istifadə edib. Ondan sonra opioidlər, amfetaminlər və kokain gəlir. Xüsusilə kokain bazarı son illərdə ən sürətlə böyüyən qeyri-qanuni narkotik bazarlarından biri hesab olunur.

Problem Azərbaycan üçün də narahatedici səviyyədədir: 2024-cü ilin sonuna ölkədə narkomaniya səbəbilə tibb müəssisələrində qeydiyyatda olan şəxslərin sayı 40 min 490 nəfərə çatıb. Qeydiyyatda olanların böyük əksəriyyəti kişilərdir. Onların içində 20 mindən çoxu opioid, 8 min 600-dən çoxu isə kannabinoid istifadəçiləridir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə ölkədə qeydə alınan 31 min 852 cinayətin 7 min 763-ü narkotiklərlə bağlı olub.

Narkotiklərin vurduğu zərər yalnız istifadəçi ilə məhdudlaşmır. Bu maddələrin qanunsuz dövriyyəsi böyük cinayət şəbəkələrinin maliyyə mənbəyidir. Narkotik alverindən əldə olunan vəsaitlər başqa qanunsuz fəaliyyətlərin maliyyələşdirilməsinə də yönəldilir. Buna görə də narkomaniya ilə mübarizə təkcə səhiyyə məsələsi deyil, həm də təhlükəsizlik məsələsidir.

Təəssüf doğuran təhlükəli məqamlardan biri də gənclərin hədəfə çevrilməsidir. Narkotik alverçiləri daha çox yeniyetmə və gəncləri cəlb etməyə çalışırlar. Buna görə də problemin həlli təkcə hüquq-mühafizə tədbirləri ilə mümkün deyil. Ailələr də öz övladlarını diqqətdə saxlamalı, onlarla daha yaxın ünsiyyət qurmalıdırlar. Övladınızda müşahidə etdiyiniz kiçik bir dəyişiklik sizi narahat etməlidir.

Əks halda gec olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »