Vladimir Putinin “danışıqlara hazırıq” bəyanatı Rusiyanın müharibəni əvvəlki şərtlərlə davam etdirmək imkanlarının zəiflədiyinin göstəricisi kimi qiymətləndirilir.
Lakin Moskvanın hələ də Ukraynadan işğal olunmuş ərazilərlə bağlı ciddi güzəştlər gözləməsi danışıqlar prosesinin qarşısında əsas maneə olaraq qalır.
Volodimir Zelenskinin son açıqlamaları isə göstərir ki, Kiyev ərazi bütövlüyü məsələsində geri addım atmağa hazır deyil və bu səbəbdən tərəflərin mövqeləri hələ də bir-birindən uzaqdır.
- Əgər Rusiya əvvəlki maksimalist tələblərindən geri çəkilməsə, Putinin “danışıqlara hazırıq” mesajı real sülh təşəbbüsüdür, yoxsa, sadəcə, vaxt qazanmaq cəhdi?
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, o, Rusiya Prezidenti Vladimir Putinin danışıqlara hazır olması ilə bağlı son bəyanatını real niyyətin göstəricisi kimi qiymətləndirmir.
Oqtay Qasımovun sözlərinə görə, cəmi iki gün əvvəl Putin yenidən tarixi torpaqlar uğrunda mübarizə apardıqlarını və mövqelərindən geri çəkilməyəcəklərini bəyan edib.
Politoloq hesab edir ki, bu açıqlama daha çox beynəlxalq ictimai rəyə hesablanmış siyasi mesajdır.
Politoloq deyib ki, Rusiya hələ də 2022-ci ildə Ukraynanın dörd vilayətinin və Krımın öz ərazisinə ilhaq edilməsini əsas götürən Konstitusiya mövqeyindən çıxış edir. Halbuki bu addımlar beynəlxalq hüquqa zidd hesab olunur və dünya birliyi bu ilhaqı tanımır.
Oqtay Qasımovun fikrincə, Ukraynanın da ərazi məsələlərində güzəştə getməyə hazır olduğuna dair hər hansı siqnal yoxdur. Hətta ölkənin ən çətin və zəif dövrlərində belə Kiyev bu məsələyə son dərəcə həssas yanaşıb. Ona görə də Putinin bəyanatını taktiki gediş kimi dəyərləndirmək daha doğru olar.
Politoloq hesab edir ki, bu açıqlama eyni zamanda ABŞ Prezidenti Donald Trampın bir neçə gün əvvəl Böyük Yeddilik (G7) sammitində səsləndirdiyi “Rusiya danışıqlar masasına gəlməlidir” çağırışına verilmiş dolayısı cavab kimi də qiymətləndirilə bilər.
Onun qənaətinə görə, hazırkı mərhələdə nə Rusiyanın, nə də Vladimir Putinin müharibəni dayandırmaq və real danışıqlar yolu ilə razılıq əldə etmək istiqamətində konkret iradəsi görünür. Bu bəyanatlar daha çox vaxt qazanmağa, taktiki üstünlük əldə etməyə və beynəlxalq təzyiqləri yumşaltmağa hesablanmış addımlar təsiri bağışlayır.
İradə Cəlil, Bizimyol.info






