ABŞ-la İran arasında memorandumun imzalanması ilə bağlı yayılan məlumatlar Yaxın Şərqdə yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Hələ ki, rəsmi təsdiq verilməsə də, sənəd ətrafında müzakirələr diqqət mərkəzindədir. İddialara görə, memorandum nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələlərini əhatə edir.
Sənədin məzmunu və hüquqi statusu aydınlaşdıqdan sonra onun regionun siyasi balansına təsiri daha dəqiq qiymətləndirilə biləcək.
Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ və İran arasında memorandumun imzalanması ilə bağlı müxtəlif xəbərlər yayılır. Hətta bəzi türk media orqanları məsələni daha da irəli apararaq, Vaşinqton və Tehran arasında sənədin artıq imzalandığını, İranın isə nüvə proqramından imtina etdiyini iddia edirlər. Lakin hələlik nə İran, nə də ABŞ tərəfindən bu məlumatları təsdiqləyən rəsmi açıqlama verilməyib.
Onun sözlərinə görə, rəsmi təsdiq olmadığı üçün proseslə bağlı qəti fikir söyləmək çətindir. Bununla belə, tərəflərin müəyyən qarşılıqlı güzəştlər əsasında danışıqlar masasına əyləşdiyi görünür. Hazırda müxtəlif müzakirələr aparılır və bu danışıqların nəticə verib-verməyəcəyi yaxın günlərdə, hətta yaxın saatlarda belə məlum ola bilər.
Rufiz Hafizoğlu hesab edir ki, məsələyə sadəlövh yanaşmaq olmaz. Onun fikrincə, “memorandum imzalandı, atəşkəs əldə olundu və artıq İranla ABŞ arasında bütün problemlər həll edildi” kimi yanaşmalar reallığı əks etdirmir. Çünki söhbət son dərəcə mürəkkəb və çoxqatlı geosiyasi prosesdən gedir.
Ekspert qeyd edir ki, əgər tərəflər həqiqətən masa arxasında əyləşiblərsə, burada Pakistan və Qətərin vasitəçilik rolunu xüsusi vurğulamaq lazımdır. Bu proses hər iki tərəfin müəyyən güzəştlərə getməsi deməkdir. Lakin hansı tərəfin daha çox güzəşt etdiyini zaman göstərəcək.
Hafizoğlu İranın bəzi dairələrində səsləndirilən “ABŞ-ı danışıqlara məcbur etdik” tezisini əsaslı hesab etmir. Onun fikrincə, nə ABŞ, nə də İran bu qədər böyük güzəştlərə asanlıqla getməz. Bu prosesin arxasında daha dərin siyasi və strateji səbəblər dayanır.
Şərhçi hesab edir ki, əgər belə bir memorandum imzalanarsa, bu, İran üçün kifayət qədər rüsvayedici sənəd kimi qiymətləndirilə bilər. O bildirir ki, Tehran illər boyu ABŞ-ı “böyük şeytan” adlandırıb, Vaşinqtonla hər hansı anlaşmanın mümkün olmadığını bəyan edib. Lakin nəticədə İran həmin “böyük şeytan” adlandırdığı ölkə ilə danışıqlar aparmaq məcburiyyətində qalıb.
“Bu, mənim yanaşmamdır”, – deyə ekspert vurğulayır və əlavə edir ki, Tehranda fərqli baxışlar da var.
Onun sözlərinə görə, İran daxilində bəzi yanaşmalar tamamilə absurd xarakter daşıyır.
Rufiz Hafizoğlu nümunə olaraq Livanı göstərir. O deyir ki, ABŞ və İran arasında aparılan danışıqlar Tehranda diplomatiya və milli təhlükəsizlik məsələsi kimi təqdim olunur. Amma İsrail və Livan arasında mümkün danışıqlar İran tərəfindən “xəyanət” kimi qiymətləndirilir.
Ekspert bu yanaşmanı açıq şəkildə ikili standart adlandırır.
Onun fikrincə, istər İranın hakim dairələrində, istərsə də dini çevrələrində müşahidə olunan bu mövqe həm absurd, həm də gülüncdür.
Hafizoğlu hesab edir ki, burada digər xalqların və dövlətlərin maraqları arxa plana keçirilir, əsas diqqət isə “modern fars imperiyalizmi” kimi xarakterizə etdiyi siyasi baxışların maraqlarına yönəldilir.
Ekspert vurğulayır ki, Tehran bu cür ikili standartları zaman-zaman İslam dünyasına, eləcə də Azərbaycana münasibətdə də nümayiş etdirib. Onun sözlərinə görə, bu gün də İranın müəyyən dairələrində Azərbaycana qarşı qərəzli yanaşmalar qalmaqdadır.
Sonda Rufiz Hafizoğlu bildirib ki, memorandum imzalansa belə, onun uzunömürlü olacağına inanmır.
O hesab edir ki, ilkin mərhələdə İranın dünya bazarlarına çıxışı genişlənə, neft ixracı arta və iqtisadi canlanma yarana bilər. Lakin sonrakı mərhələdə beynəlxalq güclərin Tehrana qarşı yenidən sərt mövqe tutacağını düşünür.
“Bu, mənim şəxsi qənaətimdir. Hesab edirəm ki, müəyyən müddət sonra dünya bazarları öz ehtiyaclarını təmin etdikdən sonra İran üzərində təzyiqlər yenidən artacaq”, – deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info






