İsrail Müdafiə Qüvvələri (İMQ) Cənubi Livandakı təhlükəsizlik zonasından qoşunlarını çıxarması ilə bağlı yayılan məlumatları təkzib edib.
Bizimyol.info xəbər verir ki, ordunun mətbuat xidmətindən verilən məlumata görə, bölgədə yerləşdirilmiş hərbi bölmələrin mövqelərində heç bir dəyişiklik baş verməyib.
İMQ-nin nümayəndəsi mətbuata açıqlamasında qeyd edib ki, İsrail hərbçilərinin Cənubi Livandakı təhlükəsizlik zonasındakı dislokasiyası əvvəlki kimi qalır.
“Cənubi Livandakı təhlükəsizlik zonasında xidmət aparan İMQ əsgərlərinin yerləşdiyi mövqelər dəyişməyib”, – deyə ordunun mətbuat xidmətindən bildirilib.
Açıqlama "Reuters" agentliyinin daha əvvəl yaydığı məlumatdan sonra verilib. Agentlik ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən İsrailin Cənubi Livandakı bufer zonasının bir hissəsindən geri çəkildiyini iddia etmişdi.
Hələlik İsrail tərəfi "Reuters"in məlumatını təsdiqləmir və bölgədə hərbi mövcudluğun əvvəlki səviyyədə saxlanıldığını vurğulayır.
Qeyd edək ki, İsrail-Livan sərhədində təhlükəsizlik vəziyyəti son aylarda gərgin olaraq qalır. Tərəflər arasında vaxtaşırı baş verən silahlı insidentlər və qarşılıqlı zərbələr fonunda bölgədəki hərbi qüvvələrin yerləşdirilməsi beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Qadir, Bizimyol.info






