İranın neft gəlirlərinin əhəmiyyətli hissəsi yuanla əldə olunur. Bu, qlobal maliyyə sistemində dolların alternativlərinin getdikcə gücləndiyini göstərir.
Çin ilə İran arasında qurulan yeni ödəniş mexanizmləri ABŞ-ın maliyyə nəzarətinin və sanksiya alətlərinin təsir imkanlarını müəyyən qədər məhdudlaşdırır. Bu proses təkcə İran üçün deyil, sanksiyalar altında olan başqa ölkələr üçün də alternativ iqtisadi kanalların formalaşmasına şərait yaradır. Nəticədə, beynəlxalq ticarətdə çoxvalyutalı sistemə keçid tendensiyası daha da sürətlənir.
- Yuanın beynəlxalq ticarətdə rolunun artması gələcəkdə ABŞ dollarının qlobal maliyyə sistemindəki dominant mövqeyini ciddi şəkildə zəiflədə bilərmi?
İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələyə daha realist yanaşmaq lazımdır.
Onun sözlərinə görə, İranın neft gəlirlərinin müəyyən hissəsini yuanla əldə etməsi və Çinlə alternativ ödəniş mexanizmlərinin formalaşdırılması qlobal maliyyə sistemində diversifikasiyanı gücləndirsə də, bunu yaxın perspektivdə ABŞ dollarının dominant mövqeyinin ciddi şəkildə sarsılması kimi qiymətləndirmək doğru olmaz.
Ekspert deyib ki, dolların üstünlüyü yalnız ABŞ iqtisadiyyatının böyüklüyü ilə deyil, eyni zamanda qlobal maliyyə infrastrukturunun, beynəlxalq ödəniş sistemlərinin, ehtiyat valyuta mexanizmlərinin və maliyyə bazarlarının dərinliyi ilə bağlıdır. Hazırda dünyanın əksər mərkəzi bankları valyuta ehtiyatlarını, beynəlxalq borclanma əməliyyatlarını və enerji ticarətinin böyük hissəsini məhz ABŞ dolları üzərindən həyata keçirir. Bu isə dolların qlobal mövqeyini qoruyan əsas amillərdəndir.
Asif İbrahimov vurğulayıb ki, yaxın müddətli perspektivdə dolların mövqeyinin ciddi şəkildə zəifləməsi üçün böyük iqtisadi dəyişikliklər baş verməlidir və indiki mənzərə hələlik belə bir tendensiyanı göstərmir. Bununla yanaşı, son illərdə Çin iqtisadiyyatının güclənməsi, yuanın beynəlxalq hesablaşmalarda istifadəsinin genişlənməsi, BRICS ölkələrinin milli valyutalarla ticarət təşəbbüsləri və ABŞ sanksiyalarından yayınmağa çalışan ölkələrin alternativ ödəniş sistemlərinə marağının artması dolların qlobal payının tədricən azalmasına təsir göstərir.
Ekspertin fikrincə, İran, Rusiya və sanksiya təzyiqi altında olan başqa ölkələr üçün yuan və sair alternativ valyutalar artıq iqtisadi zərurətə çevrilib. Lakin dolların mövqeyinin zəifləməsi prosesi inqilabi deyil, təkamül xarakteri daşıyır. Buna görə də yaxın illərdə yuanın dolları tam şəkildə əvəz edəcəyini gözləmək real görünmür.
İqtisadçı hesab edir ki, daha mümkün ssenari qlobal maliyyə sisteminin tədricən çoxvalyutalı modelə keçididir. Belə bir modeldə dollar əsas ehtiyat valyutası statusunu qoruyacaq, lakin yuanın, avronun və bəzi regional valyutaların payı artacaq.
“Yuanın beynəlxalq ticarətdə rolunun genişlənməsi ABŞ dollarının mütləq üstünlüyünü müəyyən qədər azalda bilər. Ancaq yaxın və orta perspektivdə dolların qlobal maliyyə sistemindəki lider mövqeyinin ciddi şəkildə sarsılması ehtimalı yüksək deyil. Daha real görünən tendensiya isə dollar mərkəzli sistemdən çoxqütblü və çoxvalyutalı maliyyə arxitekturasına mərhələli keçiddir”-deyə Asif İbrahimov bildirib.
İradə Cəlil, Bizimyol.info






