Niderland Prokurorluğu ölkədə ilk dəfə 1–12 yaş arası sağalmaz xəstə uşağa tətbiq edilən evtanaziya (həkim yardımı ilə ölüm) prosedurunun qanuniliyini araşdırmağa başlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə NOS telekanalı səhiyyə naziri Sofi Hermanın parlamentə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Məlumata görə, Səhiyyə Nazirliyinin xüsusi qiymətləndirmə komissiyası artıq hadisənin bütün detallarını araşdırıb və proseduru həyata keçirən həkimlə görüşüb. Daha sonra komissiya öz rəyini prokurorluğa təqdim edib. İndi hüquq-mühafizə orqanları həkimin hərəkətlərinin mövcud qanunvericiliyə uyğun olub-olmadığını müəyyən etməlidir. Uşağın yaşı, diaqnozu və digər təfərrüatlar açıqlanmır.
2024-cü ildən etibarən Niderlandda xüsusi qayda qüvvədədir. Bu qaydaya əsasən, valideynlərin razılığı və həkimlərin təsdiqi ilə 1–12 yaş arası, sağalmaz xəstəlikdən əziyyət çəkən və “dözülməz, sağalma ümidi olmayan” ağrılar yaşayan uşaqlara son dərəcə istisna hallarda evtanaziya tətbiq oluna bilər. Bundan əvvəl bu imkan yalnız 1 yaşadək körpələr və 12 yaşdan yuxarı yeniyetmələr üçün nəzərdə tutulurdu.
Rəsmilərin qiymətləndirməsinə görə, bu qaydanın qüvvəyə minməsindən sonra ildə ən çoxu beş belə halın baş verəcəyi gözlənilir. Qanunvericilik ağır və sağalmaz xəstəlikləri olan, həkimlərin rəyinə görə ömrü qısa olacağı təsdiq edilən uşaqlara aiddir.
Bizimyol.info






