Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlahiyyatçıdan maraqlı açıqlama: "Məhərrəm ayında toy da etmək olar, nişan da..."
İlahiyyatçıdan maraqlı açıqlama: "Məhərrəm ayında toy da etmək olar, nişan da..."

"Bu gün bəzi insanlar Məhərrəm ayını ümumi matəm ayı kimi təqdim edir, toy və şənlikləri qadağan hesab edir, hətta bunu dinin hökmü kimi cəmiyyətə çatdırmağa çalışırlar.

“Halbuki nə Quranda, nə səhih hədislərdə, nə də klassik fiqh mənbələrində Məhərrəm ayında toy etməyi qadağan edən hər hansı hökm yoxdur..

Əksinə, Allah buyurur: ‘Aranızdakı subayları evləndirin’ (Nur surəsi, 32).

Peyğəmbər (s.ə.s) də buyurub: "Nikah mənim sünnəmdir. Kim mənim sünnəmdən üz döndərərsə, məndən deyildir" (Sünən İbn Macə, Nikah kitabı, hədis 1846).

Bu səbəbdən Məhərrəm ayında toy etməyin haram və ya günah olduğunu söyləmək üçün dini əsas yoxdur”.

Əkrəm Həsənov - İlahiyyatçı

Bu fikirləri Bizimyol.info xəbər portalına açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov bildirib.

O deyib ki, İslam ölən şəxslərin xatirəsini yad etməyə icazə versə də, daimi matəm mədəniyyətini təşviq etmir:

“Peyğəmbər (s.ə.s) buyurur: ‘Bizdən deyildir o kəs ki, yanaqlarını döysün, yaxasını cırsın və cahiliyyət çağırışı ilə çağırış etsin’ (Səhih Buxari, Cənaiz kitabı, hədis 1294; Səhih Müslim, İman kitabı, hədis 103)" .

Başqa bir rəvayətdə buyurulur: "Ölüyə görə üzünə vuran və paltarını cıran bizdən deyildir" (Səhih Buxari, Cənaiz kitabı, hədis 1297)”.

Əkrəm Həsənov həmçinin deyir ki, İmam Nəvəvi bu hədisləri şərh edərkən İslamın insanın özünə əziyyət verməsini və cahiliyyət dövrünün matəm formalarını qəbul etmədiyini qeyd edib.

Əkrəm Həsənov deyib: “İbn Teymiyyə də yazır ki, Kərbəla hadisəsini hər il xüsusi matəm mərasimlərinə çevirmək nə Peyğəmbərin, nə səhabələrin, nə də ilk müsəlman nəsillərinin yolu olub”.

İlahiyyatçı hesab edir ki, bir tərəfdən insanlara toy etməyi, ailə qurmağı və halal qazanc əldə etməyi qadağan edib, o biri tərəfdən müxtəlif məclislərdə musiqi, şirniyyat və əyləncə xarakterli tədbirləri dini mərasim adı altında keçirmək ciddi ziddiyyət yaradır:

“Əgər məqsəd həqiqətən İmam Hüseyni (ə) anmaqdırsa, onun uğrunda şəhid olduğu dəyərlər yaşadılmalıdır. İmam Hüseyn (ə) insanları sinə döyməyə deyil, haqqı müdafiə etməyə çağırırdı. O, insanları matəm mədəniyyətinə deyil, zülmə qarşı mübarizəyə səsləyirdi”.

Əkrəm Həsənovun fikrincə, Məhərrəm ayı ilə bağlı məsələlərdə emosiyalara deyil, elmə söykənmək lazımdır:

“Din adına görülən hər bir əməl Quran, səhih sünnə və mötəbər elmi mənbələrlə əsaslanmalıdır. Əks halda din adı altında təqdim edilən bəzi davranışlar zaman keçdikcə ibadətdən çox adətə, bəzi hallarda isə dini hisslər üzərindən qurulan sosial və iqtisadi mexanizmə çevrilə bilər.

İmam Hüseyni (ə) sevən insan onun adını deyil, müdafiə etdiyi haqqı yaşatmalıdır”.

Sonda ilahiyyatçı bildirib ki, bəzi dairələr İmam Hüseynin adından istifadə edərək böyük məclislər təşkil edir, lakin eyni zamanda gənclərin ailə qurmasına qarşı çıxırlar:

İndi bu İmam Hüseyn faciəsi adı altında meyxanalar, musiqilər məclisində əylənib, tort və şirniyyat yeyib istirahət edən adamlar niyə Azərbaycanda gənclərin nikah qurmasını haram hesab edirlər?

Əslində bu, böyük bir ticarət şəbəkəsidir. Vətəndaşlara toy etməyi, şənlənməyi qadağan edib, özləri İmam Hüseynin adından istifadə edərək iki ay boyunca məclislər təşkil edir, meyxana, mərsiyə və mahnılar oxuyurlar.

Onların etdiyi İslamla əlaqədar deyil. Xalqımız da artıq qəflət yuxusundan oyanmalıdır ki, Məhərrəm ayında toy da etmək olar, nişan da etmək olar, ad günü də qeyd etmək olar”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »