Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Serdar Turan: “Yeni dövrün adı hələ bilinmir, amma dəyişiklik artıq başlayıb”
Serdar Turan: “Yeni dövrün adı hələ bilinmir, amma dəyişiklik artıq başlayıb”

Dünya yeni bir dövrə qədəm qoyur və bu keçid iş dünyasında ciddi dəyişikliklər yaradır. Tarix boyu təxminən hər 25-30 ildən bir yeni iqtisadi və texnoloji mərhələnin formalaşdığını xatırladan mütəxəssislər hesab edirlər ki, hazırda da bəşəriyyət yeni bir çağın astanasındadır.

Bu fikirləri HBR Türkiyənin baş redaktoru Serdar Turan “Biznes Liderləri Zirvəsi”ndə çıxışı zamanı səsləndirib.

O bildirib ki, yeni dövrə keçid bir anda baş vermir. Keçid mərhələsində həm köhnə, həm də yeni sistemlər eyni vaxtda mövcud olur ki, bu da qeyri-müəyyənliyi və dəyişiklikləri qaçılmaz edir.

Serdar Turanın sözlərinə görə, yeni dövrün əsas hərəkətverici qüvvəsi texnologiyadır. O qeyd edib ki, əvvəlki dövrlərdə olduğu kimi, texnoloji inkişaflar iş modellərini, təşkilati strukturları və korporativ mədəniyyəti dəyişdirəcək. Lakin bu dəfə dəyişikliklər daha sürətli və daha dərin olacaq.

Baş redaktor vurğulayıb ki, dünyada qeyri-müəyyənlik səviyyəsi getdikcə artır və artıq sabitlik deyil, qeyri-müəyyənlik normal vəziyyət kimi qəbul edilməlidir. Onun fikrincə, liderlər və şirkətlər fəaliyyətlərini məhz bu reallığa uyğun qurmalıdırlar.

Serdar Turan gələcəyin biznes mühitini “NAVI” modeli ilə izah edib. O bildirib ki, yeni dövrdə hadisələr daha gözlənilməz, daha sürətli, daha dəyişkən və bir-biri ilə daha sıx əlaqəli olacaq.

O əlavə edib ki, biznes dünyasının qarşısında etimadın qorunması, artan tənzimləmələrə uyğunlaşma və ixtisaslı işçi qüvvəsinin cəlb edilməsi kimi ciddi çağırışlar dayanır. Bununla yanaşı, məlumatlardan səmərəli istifadə, rəqəmsallaşma və süni intellekt şirkətlər üçün böyük imkanlar yaradır.

“Veri, rəqəmsallaşma və süni intellekt yeni dövrün ən mühüm inkişaf alətləridir”, – deyə Serdar Turan vurğulayıb.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »