Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əkrəm Həsənov: “Məhərrəm adı altında din biznesə çevrilib”
Əkrəm Həsənov: “Məhərrəm adı altında din biznesə çevrilib”

Bu günlərdə sosial şəbəkələrdə Məhərrəm ayında bir qrup qadının dini ayinlər icra etməsi ilə bağlı videogörüntülər yayılıb.

Müzakirələrə səbəb olan məqamlardan biri qadınların makiyajlı olması və görüntülərin ümumi matəm ab-havasına uyğun görünməməsi olub.

  • Bəs Məhərrəm ayında dini mərasimlər necə icra edilməlidir? Bunun dini şərtləri varmı?

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info-ya açıqlamasında bildirib ki, ümumilikdə dində haqq və batil dinlər olduğu kimi, İslam daxilində də haqq və batil məzhəblər var.

Onun sözlərinə görə, insanlar adətən getdikləri yolu doğru hesab edirlər: “Düzdür, həqiqət birdir. Lakin gedilən yol uydurma, yalan və ya dini mənbələrə söykənməyən bir yol olsa belə, həmin yolda olan şəxs özünü haqlı hesab edir. Buna görə də özünü müsəlman sayan bir şəxsin etdiyi əməllər İslama uyğun olmasa belə, bunu ona demək bəzən problem yaradır. Çünki o, həm yolunu, həm də əməlini doğru hesab edir”.

İlahiyyatçı deyib ki, bəzi qruplar dini deyil, siyasi məzhəb yanaşması sərgiləyirlər: “Belələri Məhərrəm ayı gələn kimi ölkədə matəm elan edir, toyların və nikahların haram olduğunu deyirlər. Amma özləri musiqi dinləyə-dinləyə şirniyyat paylayır, yeyir və əylənirlər. Üstəlik, bu ayı matəm ayı hesab etdiklərini bildirirlər. Halbuki İslama görə, bu ayda matəm saxlamaq düzgün deyil. Mənim bu barədə saysız-hesabsız açıqlamalarım var.

Bu, artıq bir biznesə çevrilib. Xalqın dolanışığını məhdudlaşdırıb, öz aralarında əyləncə təşkil edirlər və bütün bunları Məhərrəm ayının adı ilə edirlər. Eyni zamanda cəmiyyətə də aşılayırlar ki, guya bu ayda toy etmək olmaz”.

Əkrəm Həsənov vurğulayıb ki, Məhərrəmlə bağlı formalaşmış müxtəlif adət və mərasimləri qiymətləndirərkən əsas meyar insanların hissləri və ya yerli ənənələr deyil, Quran, səhih sünnə və İslam alimlərinin ortaq elmi mövqeyi olmalıdır.

Onun sözlərinə görə, son illərdə dini hadisələrlə dini adətlər bir-birinə qarışdırılır: “Kərbəla faciəsi İslam tarixinin ən ağrılı hadisələrindən biridir və müsəlmanların qəlbində dərin iz buraxıb. Lakin İmam Hüseynə (ə) olan sevgi ilə sonradan meydana çıxmış bəzi mərasimləri eyniləşdirmək doğru deyil”.

İlahiyyatçı bu fikrini Qurani-Kərimdən gətirdiyi ayələrlə əsaslandırıb:

“Quranda buyurulur: ‘Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və qəlb – bunların hamısı sorğu-sual olunacaqdır’ (İsra surəsi, 36).

Bu ayə dini məsələlərdə hisslərə deyil, biliyə və dəlilə söykənməyin vacibliyini göstərir.

Başqa bir ayədə Allah buyurur: "Yoxsa onların elə şərikləri vardır ki, Allahın icazə vermədiyi bir dini onlar üçün qanun qoyurlar?’ (Şura surəsi, 21)".

Bu ayə din adına təqdim edilən hər bir əməl üçün ilahi əsasın olmasının vacibliyini ortaya qoyur”.

Əkrəm Həsənov daha sonra deyir: Peyğəmbər Məhəmməd (s.ə.s) buyurub:

“Kim bizim bu işimizdə ondan olmayan bir şeyi ortaya çıxararsa, o rədd edilmişdir” (Səhih Buxari, Sulh kitabı, hədis 2697; Səhih Müslim, Əqdiyyə kitabı, hədis 1718)".

" Bu hədis göstərir ki, İslamda ibadət və dini mərasimlər şəxsi zövqə və ya sonradan yaranmış ənənələrə deyil, dini mənbələrə əsaslanmalıdır”, - deyə ilahiyyatçı bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »