Hindistan və Çin Himalay bölgəsində strateji keçidin bərpası ilə bağlı razılığa gəlsələr də, bu addım Nepalın kəskin etirazına səbəb olub.
Mübahisə Kalapani–Limpiyadhura–Lipulex bölgəsi ətrafında cəmlənir və tərəflər tarixi xəritələrə və 1816-cı il Suqauli müqaviləsinə fərqli şəkildə istinad edirlər.
Nepal bu ərazinin ona məxsus olduğunu iddia edir, Hindistan isə uzun illərdir həmin bölgəyə nəzarət etdiyini bildirir. Çinə gəlincə, rəsmi Pekin regiondakı strateji maraqları çərçivəsində prosesdə dolayısı ilə iştirak edir.
- Bu cür sərhəd mübahisələrində tarixi sənədlərin şərhi niyə həlledici rol oynayır?
Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ortada aydın bir reallıq var: söhbət bir neçə tərəfin eyni əraziyə iddia etdiyi mübahisəli sərhəd zonalarından gedir: “Bu cür bölgələrdə əsas problem odur ki, sərhədlər tam dəqiq müəyyən olunmayıb və vaxtaşırı olaraq mübahisəli vəziyyətlər yaranır. Hətta bəzi hallarda bu gərginliklər əlbəyaxa toqquşmalara və silahlı insidentlərə qədər gedib çıxıb. Son dövrlərdə tərəflər arasında müəyyən anlaşmalar əldə olunub ki, vəziyyət silahlı qarşıdurma mərhələsinə keçməsin.
Amma əsas sual budur: əgər hər iki tərəf “bu ərazi mənimdir” deyirsə, bunu necə sübut edir? Burada əsas istinad nöqtəsi kimi tarixi xəritələr və beynəlxalq müqavilələr götürülür. Lakin problem ondadır ki, həmin sənədlər çox vaxt ya bir-biri ilə ziddiyyət təşkil edir, ya da fərqli tərəflər onları fərqli şəkildə şərh edir".
Politoloqun fikrincə, beynəlxalq praktikada belə mübahisələrin klassik nümunələrindən biri kimi Çili ilə Argentina arasındakı sərhəd anlaşmazlıqları göstərilir.
Orada da ilkin razılaşmalarda And dağ silsilələri və çayların axın istiqamətləri əsas götürülərək sərhəd müəyyənləşdirilməyə çalışılsa da, sonradan bəlli oldu ki, burada coğrafi uyğunsuzluqlar var. Buna görə də Çili və Argentina arasında yenə sərhəd bölgüsü aparılmışdı.
Politoloq deyib: “Nepal son illər geopolitik olaraq qeyri-stabil ölkəyə çevrilib. Nepalda monarxiya daxilində şahzadə bütün ailəsini qətlə yetirdi və özü də intihat etdi. Beləliklə monarxiya ləğv olundu və yerinə kommünistlətin hakimiyyəti gəldi. Bu yaxınlarda gənclərin inqilabı oldu və kommunist hakimiyyəti getdi. Bu da fərqli interpretasiyalar, yeni mübahisələr yaradıb. Hər dəfə hakimiyyət dəyişikliyi xarici qüvvələrin maraqlarının dəyişməsinə səbəb olur. Nepala qarşı marağı olan ölkələr növbəsini dəyişir.
Belə situasiyalarda sərhəd mübahisələri təkcə coğrafi xəritə məsələsi deyil, həm də siyasi güc balansının, beynəlxalq maraqların və regional təsir mübarizəsinin bir hissəsinə çevrilir. Bu isə prosesi daha da mürəkkəbləşdirir və həllini uzunmüddətli edir".
İradə Cəlil, Bizimyol.info






