İtaliyanın baş naziri Corca Meloni qanunla müəyyən edilmiş müddətdən bir neçə ay əvvəl — artıq apreldə ümumi seçkilərin keçirilməsi imkanını nəzərdən keçirir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Meloni daha gec keçiriləcək səsvermə zamanı reytinqinin enə biləcəyindən ehtiyat edir. O, həmçinin hesab edir ki, seçkilərin 2027-ci ilin sonuna qədər uzadılması gələcək hökumətə büdcənin hazırlanması üçün kifayət qədər vaxt saxlamır.
Agentliyin yazdığına görə, baş nazir bu variantı artıq prezident Sercio Mattarellanın administrasiyası ilə də müzakirə edib. İtaliyada parlamentin buraxılması və seçkilərin təyin edilməsi səlahiyyəti prezidentə məxsusdur.
Ötən həftə ABŞ Prezidenti Donald Tramp və Meloni arasında sərt bəyanatlar səslənib. Tramp İtaliya baş nazirini nankorluqda ittiham edərək, G7 sammitində çəkilən birgə foto hesabına reytinq qazanmağa çalışdığını deyib. Meloni isə cavabında Trampa öz populyarlığı barədə düşünməyi tövsiyə edib. O həmçinin Trampla dostluğun öz reytinqinə müsbət təsir göstərmədiyini də qeyd edib.
Bu gərginlik iki lider arasında münasibətlərdə yeni eskalasiya kimi qiymətləndirilir. Bundan əvvəl Meloni Papa XIV Leo ilə bağlı Trampın bəyanatlarını qəbuledilməz adlandıraraq onun müdafiəsinə qalxmışdı. Tramp isə İtaliyanı və digər Avropa tərəfdaşlarını ABŞ-ın İrana qarşı hərbi əməliyyatını dəstəkləməməkdə və Hörmüz boğazının blokadadan çıxarılmasına kömək etməməkdə günahlandırıb.
Bizimyol.info






