Avtobloger Araz Mübarizoğlu sosial mediada taksi xidməti ilə bağlı yeni bir problemin olduğunu bildirib.
Onun sözlərinə görə, sürücülər sifarişi qəbul etdikdən sonra sərnişindən onu ləğv etməyi xahiş edirlər. Eyni zamanda sosial şəbəkələrdə istifadəçilər taksi tapmaqda çətinlik çəkdiklərini, sifarişlərin ya gec qəbul olunduğunu, ya da, ümumiyyətlə, qəbul edilmədiyini qeyd edirlər.
- Taksi xidmətində yaranan bu problemlərin əsas səbəbləri nədir?
Bu barədə Bizimyol.info xəbər portalına danışan nəqliyyat eksperti Raqif Raufoğlu bu məsələlərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə bu həftə görüş olacağını bildirib: “Taksi sürücüləri artıq illərdir ki, eyni qaydada müştəridən sifarişi ləğv etməyi xahiş edirlər. Bunun əsas səbəbi isə ödənişlərin ya nağd, ya da “card-to-card” şəkildə həyata keçirilməsidir. Sürücülər bunu belə əsaslandırırlar ki, ödənişləri çox gec, bəzən isə bir həftəyə yaxın müddətdən sonra ala bilirlər. Bu isə gündəlik qazanc hesabına yaşayan insanlar üçün çətinlik yaradır. Birinci növbədə məsələ əslində budur.
Bu həftə bu məsələlərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə görüşün keçirilməsi planlaşdırılır. AYNA-dan bizə bildirilir ki, belə hallarda vətəndaşlar quruma məlumat versinlər ki, sürücü ilə bağlı müvafiq tədbirlər görək. Amma vətəndaş da bunu etmir, belə deyək vəziyyəti anlamağa çalışırlar”.
Raqif Raufoğlu deyib: “Taksi tapmaqda çətinlik məsələsində qiymət amili də mühüm rol oynayır. Sürücülərin bir qismi bildirir ki, gördükləri iş və keçdikləri proses nəzərə alınsa, indiki tariflər onlar üçün sərfəli deyil və qiymətlər aşağıdır. Başqa bir qrup isə əksinə, qiymətlərin uyğun və normal olduğunu düşünür. Burda gözlənti nədir? Biz onu bilmirik. Ona görə də sürücülərin bu şəkildə etirazlarını hiss etmək olur. Əsas məsələ budur.
Reytinq məsələsi ilə bağlı biz düşünürdük ki, sürücü haqqında yazılan rəylərə görə daha ciddi tədbirlər görülər. Nəzərə alsaq ki, sürücü sayı azaldılıb və müəyyən kvota var. Sürücü həmin statusu itirməkdən çəkinməlidir, lakin görünən odur ki, bəzi hallarda yenə də əvvəlki yanaşmalar davam edir və sürücülər istədikləri kimi davranmağa meyilli olurlar”.
Raqif Raufoğlu əlavə edib: “Aralarında xeyli yaxşı sürücülər də var. Artıq seçilmə prosesi olduğu üçün fərdi yoxlamalar və söhbətlər də aparılır. Yəni onlar müəyyən bir seçim prosesindən keçirlər. Buna baxmayaraq, təəssüf ki, məsələ hələ də 100 faiz həllini tapmayıb. İndi biz də görüş zamanı ən azı bu məsələ ilə bağlı AYNA-nın düşündüyü növbəti addımın nə olacağını öyrənməyə çalışacağıq”.
Günel Həsənova, Bizimyol.info






