ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran nüvə obyektlərində “uzunmüddətli və yüksək səviyyəli” beynəlxalq yoxlamaları qəbul edib.
Bizimyol.info xəbər verir ki, Trampın “Truth Social” hesabında yazdığına görə, Tehran “tam və qeyd-şərtsiz şəkildə” nüvə obyektlərinin illərlə, hətta uzun müddətə nəzarət altında saxlanılmasına razılıq verib. Onun sözlərinə görə, bu yoxlamalar “nüvə şəffaflığını” təmin edəcək və əgər razılıq olmasaydı, yeni danışıqlar aparılmayacaqdı.
Eyni zamanda ABŞ lideri bildirib ki, İranla əldə olunan razılaşmalar fonunda ABŞ Hörmüz boğazı ətrafında tətbiq olunan dəniz blokadasını dayandırıb. Trampın sözlərinə görə, hazırda blokadanın yenidən tətbiqi ehtimalı “çox aşağıdır”, lakin ABŞ hərbi-dəniz qüvvələri ehtiyat vəziyyətdə saxlanılır.
Bununla belə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai daha əvvəl bəyan etmişdi ki, Tehran İsveçrənin Bürqenştok şəhərində Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə yeni nüvə obyektləri yoxlamalarını müzakirə etməyib.
Beləliklə, tərəflərdən gələn açıqlamalar arasında ziddiyyət qalır: ABŞ rəhbərliyi genişmiqyaslı razılaşmadan danışdığı halda, İran rəsmiləri bu cür razılaşmaların mövcudluğunu təsdiqləmir.
Bizimyol.info






