Macarıstanın yeni baş naziri Peter Madyar ölkə prezidenti Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılması ilə yanaşı, onun vəzifədən sonra əldə etdiyi imtiyazlardan da məhrum edilməsini planlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu barədə baş nazir "X" sosial şəbəkəsində yazıb.
“Biz təklif edəcəyik ki, səlahiyyət müddətini tam başa vurmayan respublika prezidentləri gələcəkdə ömürlük imtiyazlar almasınlar”, - deyə o qeyd edib.
22 iyunda parlamentdə çıxış edən Madyar bildirib ki, “Tamaş Şuyok təxminən iyulun 20-də Macarıstan prezidenti olmayacaq”. O həmçinin qeyd edib ki, hökumət gələn həftə Konstitusiyaya 17-ci düzəlişi təqdim edəcək və bu dəyişiklik parlamentə dövlət başçısının səlahiyyətlərinin geri çağırılması imkanı verəcək.
Macarıstanda prezident parlament tərəfindən, baş nazirin təqdimatı əsasında beş il müddətinə seçilir. Şuyok bu vəzifəni iki il əvvəl tutub.
Madyar prezidentin əvvəlki Viktor Orban hökuməti dövründəki səlahiyyətdən sui-istifadə hallarına görə məsuliyyət daşıdığını iddia edərək onun istefasına çalışır. Baş nazir hesab edir ki, iyulun sonuna qədər Şuyok vəzifəsini tərk edəcək, avqustun 20-də — Müqəddəs İştvan Günündə isə parlament yeni prezidenti seçəcək.
Prezident Şuyok isə istefa verməkdən imtina edir və Madyarın çağırışlarını konstitusiyaya zidd adlandırır. O, iyunun əvvəlində Venesiya Komissiyasına müraciət edərək mübahisəyə hüquqi qiymət verilməsini istəyib. Avropa Şurasının məsləhətçi orqanı olan komissiya işi təcili qaydada araşdırır.
Şuyokun mövqeyini Viktor Orban və onun “FİDES — Macar Vətəndaş Birliyi” partiyası da dəstəkləyib. Müxalifətdə olan qüvvələr baş nazirin tələblərinin təhlükəli presedent yaratdığını, hakimiyyətin qəsb olunmasına yol açdığını və ölkə Konstitusiyasına zidd olduğunu bildiriblər.
Bizimyol.info






