Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşada yaşayan Ukraynalılara qarşı mənfi münasibətin gücləndiyini bildirib.
Onun sözlərinə görə, son dövrlər Ukrayna vətəndaşlarına qarşı təhqir, fiziki zorakılıq, ayrı-seçkilik və məktəblərdə Ukraynalı uşaqlara qarşı təzyiq halları ilə bağlı çoxlu müraciətlər daxil olur.
Nazir Polşada müşahidə olunan bu meyllərin narahatlıq doğurduğunu qeyd edərək, ksenofobiyanın belə açıq şəkildə təzahür etməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Bu açıqlamalar Varşava ilə Kiyev arasında son aylarda tarixi məsələlər, kənd təsərrüfatı məhsullarının ticarəti və Ukrayna qaçqınlarına münasibətlə bağlı yaranan fikir ayrılıqları fonunda səsləndirilib.
Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son illərdə, xüsusilə 2022-ci ildən sonra Polşa–Ukrayna münasibətlərində müəyyən gərginliklər yaranıb. Bunun səbəbi təkcə miqrasiya və ya qaçqın məsələləri deyil, həm də tarix, siyasət və iqtisadi maraqlarla bağlı bir sıra mürəkkəb amillərdir.
Politoloqun fikrincə, ən həssas məsələ İkinci Dünya müharibəsi dövründə baş vermiş Volın qırğınları ilə bağlıdır.
Polşa tərəfi hesab edir ki, Ukrayna Üsyançı Ordusu (UPA) minlərlə polyak mülki vətəndaşının qətliamına görə məsuliyyət daşıyır və bunu soyqırımı kimi qiymətləndirir. Ukraynada isə UPA-nın bir hissəsi sovet hakimiyyətinə qarşı mübarizə aparan milli müqavimət qüvvəsi kimi qəbul edilir. Bu fərqli yanaşmalar iki ölkə arasında davamlı fikir ayrılığı yaradır.
2026-cı ildə Ukraynada bir hərbi hissəyə UPA qəhrəmanlarının adının verilməsi Polşada ciddi narazılıq doğurdu və diplomatik mübahisəni daha da kəskinləşdirdi.
Anar İsayevin fikrincə başqa bir məsələ qaçqın böhranı və sosial gərginlikdir: “2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra milyonlarla ukraynalı Polşaya köçdü. Başlanğıcda Polşa cəmiyyəti ukraynalılara çox böyük dəstək verdi. Lakin zaman keçdikcə bəzi polyaklar arasında iş bazarında rəqabət,
sosial yardımların bölüşdürülməsi, mənzil qiymətlərinin artması, dövlət resurslarına yük kimi məsələlərlə bağlı narazılıqlar yaranmağa başladı.
Bu fonda bəzi yerlərdə ukraynalılara qarşı ayrı-seçkilik, təhqir və zorakılıq halları barədə məlumatlar yayılıb. Məhz bu kontekstdə Ukrayna xarici işlər naziri Andrey Sibiqa Polşada ksenofobiyanın artdığını bəyan edib.
Ukraynalılara qarşı hücumlar və uşaqlara qarşı bullinq barədə Nazirliyə çox müraciətlər daxil olur”-deyən politoloq vurğulayıb ki, həmçinin kənd təsərrüfatı və taxıl mübahisəsi də münasibətlərin korlanmasında əsas təsir elementlərindən biri oldu.
Belə ki, 2023–2025-ci illərdə Ukrayna taxılının Avropa bazarına çıxışı Polşa fermerlərinin etirazlarına səbəb olmuşdu.
Polyak fermerlər bildirirdilər ki, ucuz Ukrayna məhsulları yerli istehsalçılara zərər vurur. Bu səbəbdən sərhədlər bloklandı,yük maşınlarının keçidi ləngidildi,hökumətlər arasında mübahisələr yarandı.
Bu iqtisadi münaqişə də öz növbəsində qarşılıqlı narazılığı artıran amillərdən biri oldu".
Anar İsayev hesab edir ki, başqa bir amil daxili siyasət və seçki ritorikasıdır.
"Həm Polşada, həm də Ukraynada bəzi siyasətçilər milli-tarixi mövzuları daxili siyasi məqsədlər üçün qabardırlar: “Məsələn, Polşada bəzi sağ-mühafizəkar siyasi qüvvələr qeyd etdiyim kimi Volın hadisələri məsələsini daha sərt şəkildə gündəmə gətirir, Ukraynada isə bəzi dairələr UPA-nı milli azadlıq hərəkatının simvolu kimi təqdim etməyə davam edir. Bu isə kompromisi çətinləşdirir.
Ancaq bu gərginliklərə baxmayaraq iki ölkə arasında strateji əməkdaşlıq davam edir. Polşa Ukraynanın ən böyük hərbi və siyasi tərəfdarlarından biri olaraq qalır, NATO və Avropa təhlükəsizliyi məsələlərində tərəflərin maraqları böyük ölçüdə üst-üstə düşür,eyni zamanda hər iki ölkə Rusiyanı əsas təhlükə mənbələrindən biri hesab edir”.
Politoloqun qənatincə, buna görə də Sibiqa son çıxışlarında "nifrət spiralının" dərinləşdirilməməsinə çağırıb və iki ölkənin münasibətlərinin korlanmasının nə ukraynalılara, nə də polyaklara fayda vermədiyini bildirib.
İradə Cəlil, Bizimyol.info






