İyunun 23-də “The Ritz-Carlton Baku”da keçirilən “Biznes Liderləri Zirvəsi”ndə çıxış edən Yüce Zerey bildirib ki, hazırda təhsil sisteminin bütün pillələrində – məktəbdən doktoranturayadək – süni intellektdən geniş istifadə olunur və bu texnologiya akademik fəaliyyətlərin ayrılmaz hissəsinə çevrilib.
Onun sözlərinə görə, süni intellektdən istifadə öyrənmə və inkişaf prosesinə töhfə versə də, insanların düşünmə funksiyalarını tamamilə texnologiyaya həvalə etməsi müəyyən risklər yaradır.
“Beynimizi süni intellektə təslim etdiyimiz zaman inkişaf edən biz deyil, texnologiyanın özü olur. Bu halda insanın yarada biləcəyi dəyərin bir hissəsini itirmiş oluruq”, – deyə Yüce Zerey vurğulayıb.
O qeyd edib ki, bu gün süni intellektdən danışarkən əsas diqqət “Agentic AI” – agent əsaslı süni intellekt texnologiyalarına yönəlməlidir. Bildirib ki, ilin əvvəlindən etibarən sürətlə yayılan bu texnologiya artıq süni intellekt ekosisteminin istiqamətini müəyyənləşdirir.
Yüce Zereyin sözlərinə görə, agent əsaslı süni intellekt ənənəvi süni intellekt sistemlərindən fərqlənir. Əgər klassik süni intellekt istifadəçinin sualına cavab verirsə, agentlər onlara verilən tapşırığı müstəqil şəkildə yerinə yetirir və məqsəd tamamlanana qədər fəaliyyətini davam etdirir.
“Bu, çox ciddi paradiqma dəyişikliyidir. Agentlər təşkilatların iş prinsiplərini dəyişəcək. İnsan və süni intellekt agentlərinin birlikdə çalışması insan resursları və idarəetmə sahəsində yeni yanaşmaların formalaşmasına səbəb olacaq”, – deyə o bildirib.
Yüce Zerey əlavə edib ki, yaxın gələcəkdə şirkətlər agent əsaslı süni intellekt sistemlərinin idarə olunması, nəzarəti və iş proseslərinə inteqrasiyası ilə bağlı yeni çağırışlarla üzləşəcəklər. Buna görə də biznes liderlərinin bu texnologiyaların imkanlarını və təsirlərini dərindən anlaması vacibdir.
Leyla Mirzə, Bizimyol.info






