Son aylarda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar satışların, sifarişlərin və ümumi pul dövriyyəsinin azaldığını bildirirlər.
Bu vəziyyətin əsas səbəblərindən biri kimi dövlət büdcəsi xərclərinin ixtisar edilməsi və bəzi ödənişlərin gecikməsi göstərilir. Dövlət sifarişlərindən asılı olan iqtisadi modeldə büdcədən ayrılan vəsaitlərin azalması tikintidən ticarətə qədər bir çox sahədə zəncirvari təsir yaradır. Nəticədə bazarda pul dövriyyəsi zəifləyir, iqtisadi aktivlik aşağı düşür və bizneslər çətinliklərlə üzləşirlər.
- Azərbaycan iqtisadiyyatının dövlət büdcəsi xərclərindən asılılığını azaltmaq üçün hansı addımlar atılmalıdır?
İqtisadçı Eyyub Kərimli Bizimyol.info xəbər portalına bildirib ki, ölkə iqtisadiyyatının dövlət xərclərindən asılılığını tamamilə azaltmaq mümkün deyil — bu, dünyanın heç bir yerində müşahidə olunmur. Lakin bu asılılığı minimuma endirmək olar. Bunun üçün ilk növbədə real dəyər yaradan istehsal sahələrinin inkişafına nail olunmalıdır.
İxrac potensialının artırılması və kənd təsərrüfatının inkişafı əsas prioritetlərdən biri olmalıdır. Bu istiqamətdə artıq müəyyən proqramlar qəbul olunub və onların effektiv icrası vacibdir.
İqtisadçı bildirib ki, eyni zamanda kiçik və orta sahibkarlığın dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Sahibkarlara əlçatan və aşağı faizli kreditlərin verilməsi, onların maliyyə yükünün azaldılması bu sahənin inkişafını sürətləndirə bilər.
“Bəzi hallarda ciddi tənzimləmələr sahibkarlıq fəaliyyətinin aktivliyinə mənfi təsir göstərib. Bu səbəbdən sahibkarlar üçün fəaliyyət başladıqdan sonra tətbiq olunan “sonrakı nəzarət” mexanizmlərinə üstünlük verilməsi məqsədəuyğundur. Bizdə önləyici tədbirlər həyata keçirilir, bu da sahibkarlara əlavə yük yaradır. Bu baxımdan kiçik və orta biznesin inkişafı üçün müəyyən dəstək proqramlarının həyata keçirilməsinə ciddi ehtiyac var.
Kommunal xidmətlər və müxtəlif rüsumlarda müəyyən güzəştlərin tətbiqi də özəl sektorun inkişafına əlavə stimul verə bilər. Digər tərəfdən dövlət tərəfindən müəyyən güzəştli sahələrin ayrılması və güzəştlərin tətbiq olunması da müsbət təsir göstərə bilər.”
İradə Cəlil, Bizimyol.info






