Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vetokratiya dövrü”: Şirkətlər üçün əsas çağırış uyğunlaşma və çeviklikdir
“Vetokratiya dövrü”: Şirkətlər üçün əsas çağırış uyğunlaşma və çeviklikdir

Müasir dünyada qlobal nizamın qurulması və qorunması getdikcə daha baha və mürəkkəb prosesə çevrilir. ABŞ-ın Əfqanıstan və İraqda trilyonlarla dollar xərcləməsinə baxmayaraq istədiyi nəticələri tam əldə edə bilməməsi qlobal liderliyə olan inamın zəiflədiyini göstərir.

Bu fikirləri Evren Balta “Biznes Liderləri Zirvəsi”ndə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, dünyada formalaşan yeni reallıq “vetokratiya” kimi xarakterizə oluna bilər. Bu mərhələdə təkcə ABŞ deyil, Çin, Avropa Birliyi və digər böyük güclər də qlobal nizamı əvvəlki kimi formalaşdırmaq və davam etdirməkdə çətinlik çəkirlər. Nəticədə dövlətlər və şirkətlər daha çevik əməkdaşlıq modellərinə, kiçik tərəfdaşlıqlara və alternativ həll yollarına üstünlük verməyə başlayırlar.

Evren Balta qeyd edib ki, geosiyasi proseslər artıq biznes fəaliyyətinə birbaşa təsir göstərir. Ukrayna müharibəsinin enerji qiymətlərinə təsiri, Qırmızı dəniz və Hörmüz boğazında yaranan risklərin təchizat zəncirlərinə yaratdığı təhdidlər, beynəlxalq sanksiyalar və müxtəlif tənzimləmə mexanizmləri şirkətlərin gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib.

O vurğulayıb ki, şirkətlər eyni vaxtda müxtəlif ölkələrin qanunvericiliyinə, sanksiyalarına və bazar tələblərinə uyğunlaşmaq məcburiyyətində qalırlar. Bu isə idarəetməni daha mürəkkəb edir və yeni risklər yaradır.

Evren Balta hesab edir ki, hazırkı qeyri-müəyyənlik dövründə biznes üçün əsas üstünlük uyğunlaşma qabiliyyəti və çeviklikdir. Onun fikrincə, enerji, təchizat zənciri, maliyyə, kibertəhlükəsizlik və tənzimləmə risklərini davamlı şəkildə izləyən və dəyişikliklərə operativ reaksiya verən şirkətlər daha dayanıqlı mövqe qazana biləcəklər.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »