Hər il iyunun 23-də Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur. Bu əlamətdar gün dövlət idarəçiliyi sistemində çalışan minlərlə dövlət qulluqçusunun fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi olmaqla yanaşı, ölkənin idarəçilik mexanizminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini də nümayiş etdirir.
Dövlət qulluğu hər bir müstəqil dövlətin dayanıqlı inkişafının, qanunun aliliyinin, vətəndaş məmnunluğunun və dövlət siyasətinin səmərəli icrasının əsas sütunlarından biridir.
Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müasir dövlətçilik sistemində dövlət qulluğu yalnız inzibati idarəetmə mexanizmi deyil, həm də dövlətlə vətəndaş arasında etibarlı körpü rolunu oynayan mühüm institutdur.
Dövlət qulluqçuları dövlətin həyata keçirdiyi siyasətin icraçıları, ictimai maraqların qoruyucuları və ölkənin sosial-iqtisadi inkişafına xidmət edən əsas insan resurslarıdır. Onların peşəkarlığı, məsuliyyəti və dövlət maraqlarına sədaqəti idarəetmənin keyfiyyətini müəyyən edən başlıca amillərdəndir.
“Azərbaycan Respublikasında dövlət qulluğu institutunun formalaşdırılması və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər dövlət quruculuğunun bütün istiqamətlərində olduğu kimi, peşəkar dövlət idarəçiliyi sisteminin yaradılmasını da strateji vəzifə kimi müəyyən etmişdir. Onun rəhbərliyi dövründə dövlətçilik ənənələri möhkəmləndirilmiş, qanunvericilik bazası formalaşdırılmış, idarəetmə sistemində peşəkarlıq, qanunçuluq və məsuliyyət prinsipləri əsas meyar kimi qəbul edilmişdir.
Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlətin gücü ilk növbədə onun peşəkar kadr potensialından asılıdır. Məhz buna görə də ölkədə dövlət qulluğu sisteminin müasir standartlara uyğun qurulması, kadr siyasətinin elmi əsaslar üzərində formalaşdırılması və dövlət idarəçiliyində milli maraqlara sadiq kadrların irəli çəkilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət idarəçiliyində yüksək peşəkarlıq və vətənpərvərlik prinsipləri Ulu Öndərin siyasi irsinin mühüm tərkib hissəsinə çevrilmişdir”, – deyən politoloq bildirib ki, Azərbaycan dövlətçiliyinin inkişafında Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev dövlət qulluğu sisteminin daha da müasirləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirmişdir.
Dövlət idarəçiliyində şəffaflığın artırılması, rəqəmsal texnologiyaların tətbiqi, insan resurslarının inkişafı və vətəndaş məmnunluğunun yüksəldilməsi cənab Prezident İlham Əliyevin müəyyən etdiyi əsas prioritetlərdəndir.
Ölkə başçısının rəhbərliyi ilə dövlət qulluğuna qəbul mexanizmləri təkmilləşdirilmiş, şəffaf müsabiqə və qiymətləndirmə sistemləri tətbiq olunmuş, dövlət qulluqçularının peşə hazırlığının artırılması üçün yeni imkanlar yaradılmışdır. Dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi, elektron hökumət sisteminin genişləndirilməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi bu sahədə aparılan uğurlu siyasətin nəticəsidir.
Politoloqun fikrincə, “ASAN xidmət” modeli dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin əsasını qoymuşdur. Bu model dövlət xidmətlərinin şəffaf, operativ və vətəndaş məmnunluğu prinsipləri əsasında təşkil olunmasının uğurlu nümunəsinə çevrilərək beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir. Bu gün Azərbaycan dövlət idarəçiliyi sistemi bir çox ölkələr üçün müasir idarəetmə nümunəsi hesab olunur.
“Müasir dövrdə dövlət qulluqçusunun üzərinə düşən vəzifələr daha da genişlənmişdir. Qloballaşma, rəqəmsallaşma və sürətlə dəyişən beynəlxalq münasibətlər sistemi dövlət qulluqçularından yüksək peşəkarlıq, çeviklik, strateji düşüncə və innovativ yanaşma tələb edir. Dövlət qulluqçusu yalnız inzibatçı deyil, həm də dövlət maraqlarını qoruyan, ictimai etimadı təmin edən və cəmiyyətin inkişafına töhfə verən məsuliyyətli şəxsdir.
Azərbaycanın son illərdə əldə etdiyi mühüm nailiyyətlər – iqtisadi inkişaf, sosial rifahın yüksəlməsi, beynəlxalq nüfuzun artması, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlət idarəçiliyi sisteminin səmərəli fəaliyyətinin nəticələrindən biridir. Bu uğurların əldə olunmasında dövlət qulluqçularının əməyi, peşəkarlığı və dövlətə sədaqəti xüsusi rol oynayır”, – deyən politoloq vurğulayıb ki, bu gün Azərbaycan dövlət qulluqçuları cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak edir, dövlətçiliyin möhkəmləndirilməsi, vətəndaşların rifahının yüksəldilməsi və milli maraqların qorunması istiqamətində mühüm vəzifələri uğurla yerinə yetirirlər.
İradə Cəlil, Bizimyol.info






