ABŞ-da Ağ Evə və orada keçirilən UFC (qarışıq döyüş çempionatı) turnirinə dronlar vasitəsilə hücum təşkil etməyə cəhdlə bağlı iş üzrə daha iki şübhəli saxlanılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "NBC News" telekanalı ABŞ Ədliyyə Nazirliyinin adı açıqlanmayan nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Uilyam Folkner 19 iyunda Vaşinqton ştatında, Kordan Rinker isə 22 iyunda Missuri ştatında saxlanılıb. Bununla da həmin iş üzrə saxlanılanların ümumi sayı yeddiyə yüksəlib.
Daha əvvəl ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bildirmişdi ki, dronlara yerləşdirilmiş partlayıcılarla Ağ Evə planlaşdırılan hücumun əsas təşkilatçısı Meksikadan olan miqrant Abraham Ermosillo Alvaresdir. O, 14 iyunda Nebraska ştatında həbs olunub. Ümumilikdə isə Ohayo, Missuri, Nebraska və Kaliforniya ştatlarında beş şübhəli saxlanıldığı açıqlanmışdı.
ABŞ rəsmiləri daha əvvəl bu ehtimal olunan hücum planının ifşa edilərək qarşısının alındığını bildirmişdilər. Bildirilir ki, hücum ABŞ prezidentinin doğum günü olan 14 iyunda həyata keçirilməli idi. Həmin gün Ağ Ev ərazisində Minlərlə tamaşaçının, o cümlədən Donald Trampın izlədiyi Qarışıq Döyüş Sənətləri üzrə UFC turniri keçirilirdi.
Bizimyol.info






