Pakistanın Baş naziri Şahbaz Şərif İran və ABŞ nümayəndələri arasında İsveçrənin Bürgenştok şəhərində keçirilən danışıqların müsbət atmosferdə keçdiyini və ümidverici nəticələr verdiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Şahbaz Şərif sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, tərəflər arasında aparılan müzakirələr konstruktiv şəraitdə baş tutub və gələcək razılaşmalar üçün mühüm addımlar atılıb.
“Danışıqlar pozitiv və konstruktiv atmosferdə keçdi və ümidverici nəticələr verdi. Tərəflər 60 gün ərzində yekun razılaşmanın əldə olunması üçün yol xəritəsinin hazırlanması, siyasi nəzarəti həyata keçirəcək yüksək səviyyəli komitənin yaradılması və əlavə texniki danışıqların başlanması barədə razılığa gəliblər”, – deyə Pakistan hökumət başçısı qeyd edib.
Şahbaz Şərif həmçinin İran və ABŞ arasında aparılan danışıqlar prosesinə nəzarət etmək məqsədilə yaradılmış yüksək səviyyəli komitənin ilk iclasının rəsmi şəkildə başa çatdığını bildirib. O, hər iki ölkənin nümayəndə heyətlərinə konstruktiv dialoqa sadiq qaldıqlarına görə təşəkkür edib.
Pakistanın Baş naziri eyni zamanda vasitəçilik səylərinə görə Qətərin rolunu yüksək qiymətləndirib. O, İsveçrəyə də danışıqların təşkilinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Müşahidəçilərin fikrincə, İran və ABŞ arasında keçirilən son məsləhətləşmələr regionda gərginliyin azaldılması və diplomatik münasibətlərin normallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Tərəflərin yaxın 60 gün ərzində yekun razılaşma üçün yol xəritəsi üzərində işləməsi isə prosesin yeni mərhələyə keçdiyini göstərir.
Hazırda texniki danışıqların davam etdirilməsi və siyasi nəzarət mexanizmlərinin formalaşdırılması nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, əldə olunan ilkin razılaşmalar gələcəkdə daha geniş diplomatik nəticələrə yol aça bilər.
Qadir, Bizimyol.info






