Çin ABŞ-la iqtisadi rəqabətin yeni mərhələsində daha sərt addımlar ataraq 10 Amerika qurumunu ixrac nəzarəti siyahısına daxil edib.
Qərara əsasən, bu qurumlara Çin mənşəli ikili təyinatlı məhsulların tədarükü qadağan olunur və indiki ixrac əməliyyatları dayandırılır.
Bundan əlavə, Çin 46 Amerika şirkətindən dövlət satınalmaları çərçivəsində məhsul alınmasına da məhdudiyyət tətbiq edib.
Rəsmi Pekin bu addımların milli təhlükəsizliyin qorunması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədi daşıdığını bildirir.
- Çinin bu qərarları ABŞ–Çin iqtisadi münasibətlərində gərginliyi daha da artıracaqmı?
Politoloq Əli Mustafa bildirib ki, Çin son dövrlərdə Amerika şirkətlərinə qarşı müəyyən məhdudiyyətlər və qadağalar tətbiq edir. Onun sözlərinə görə, təxminən ABŞ-ın 46 şirkəti Çinə məhsul ixrac edə bilmir və eyni zamanda bu şirkətlərin Çindən müəyyən məhsulları alması da məhdudlaşdırılıb.
Əli Mustafa bu addımların fonunda əsas səbəbin ABŞ-ın əvvəlki mərhələdə bəzi Çin şirkətlərinə oxşar məhdudiyyətlər tətbiq etməsi ilə bağlı ola biləcəyini istisna etmir və hazırkı vəziyyəti qarşılıqlı cavab xarakterli siyasət kimi qiymətləndirir.
Politoloq qeyd edir ki, Çin və ABŞ arasında rəqabət artıq uzun müddətdir strateji xarakter daşıyır və bu rəqabət yalnız siyasi deyil, həm də iqtisadi və texnoloji sahələri əhatə edir. Xüsusilə nadir torpaq elementləri üzərində nəzarət məsələsi iki ölkə arasında əsas gərginlik nöqtələrindən biri kimi çıxış edir. Bu resursların müasir sənaye və hərbi texnologiyalarda geniş istifadə olunduğunu xatırladan Əli Mustafa bildirir ki, bu sahə qlobal güc balansında mühüm rol oynayır.
Onun fikrincə, ikili təyinatlı məhsullar məsələsi də bu qarşıdurmanın mühüm tərkib hissəsidir. Yəni həm mülki, həm də hərbi məqsədlərdə istifadə oluna bilən texnologiyalara və məhsullara məhdudiyyətlərin tətbiqi, tərəflər arasında etimadsızlığı daha da artırır. Bu çərçivədə bəzi texnoloji məhsulların və komponentlərin ixracına qoyulan qadağalar da məhz strateji təhlükəsizlik baxımından izah olunur.
Əli Mustafa vurğulayır ki, ABŞ və Çin dünya iqtisadiyyatının iki ən böyük gücü olduğu üçün bu rəqabət təbii xarakter daşıyır: “ABŞ-ın ümumi daxili məhsulunun təxminən 30 trilyon dollar, Çinin isə 20 trilyon dollardan çox olması bu iki ölkənin qlobal iqtisadi sistemdə çəkisini açıq göstərir. Buna görə də iqtisadi rəqabət həm beynəlxalq ticarətə, həm də qlobal tədarük zəncirlərinə birbaşa təsir edir”.
Politoloq eyni zamanda iqtisadi artım tempinə də diqqət çəkərək bildirir ki, Çin iqtisadiyyatının artım sürəti ABŞ-la müqayisədə daha yüksəkdir və 5 faizdən yuxarı qiymətləndirilir, ABŞ-da isə bu göstərici 2–2,5 faiz civarındadır. Bu fərq tərəflərin gələcək iqtisadi mövqelərini qorumaq və gücləndirmək üçün daha sərt rəqabət aparmasına səbəb olur.
“Hazırkı gərginliyin gələcəkdə necə inkişaf edəcəyi ilə bağlı müxtəlif ssenarilər var. Bir ehtimala görə, tərəflər müəyyən sahələrdə razılığa gələrək qarşılıqlı məhdudiyyətləri yumşalda və ya qismən aradan qaldıra bilərlər. Başqa bir ehtimala görə isə, bu ziddiyyətlər davam edə və daha da dərinləşə bilər”-deyən Əli Mustafa bildirib.
O hesab edir ki, istənilən halda bu proseslər qlobal tədarük zəncirinə və beynəlxalq ticarətə təsirsiz ötüşmür.
Politoloqun fikrincə, təsirlərin bir hissəsi ABŞ və Çin iqtisadiyyatlarının daxilində hiss olunsa da, qlobal miqyasda da sənaye istehsalı, texnologiya və logistika sahələrində dəyişikliklər müşahidə olunur.
“ABŞ şirkətləri artıq Çindən asılılığı azaltmaq üçün alternativ istehsal və təchizat zəncirləri formalaşdırmağa çalışır. Bu isə qlobal iqtisadi strukturun tədricən yenidən formalaşmasına gətirib çıxarır. Əgər tərəflər kompromisə gedərsə, məhdudiyyətlərin qismən yumşaldılması mümkündür, əks halda isə bu rəqabət həm iki ölkə, həm də dünya iqtisadiyyatı üçün uzunmüddətli təsirlər yarada bilər”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






