Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İslam bankçılığı üçün hüquqi baza: əsas şərt nədir?
İslam bankçılığı üçün hüquqi baza: əsas şərt nədir?

Azərbaycanın İslam bankçılığı və faizsiz maliyyə sisteminin tətbiqi istiqamətində müəyyən potensialı var. Lakin tam əmiqyaslı İslam bankçılığı sisteminin formalaşması üçün ilk növbədə hüquqi və tənzimləyici bazanın yaradılması vacibdir. Eyni zamanda, Körfəz ölkələrində olduğu kimi iri neft gəlirlərinə əsaslanan maliyyə imkanları da bu modelin sürətli inkişafında mühüm rol oynayır.

  • Azərbaycan bu sahədə öz potensialından istifadə edə bilər.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Asif İbrahimov danışıb.

İqtisadçı vurğulayıb ki, Azərbaycanda bank sektorunun texnoloji və institusional baxımdan müəyyən hazırlıq səviyyəsi var. Xüsusilə 2021–2022-ci illərdə Mərkəzi Bankda rəhbərliyin dəyişməsindən sonra beynəlxalq idarəetmə və korporativ standartların tətbiqi istiqamətində addımlar atılıb.

2022-ci ildən bəri bank sistemində müsbət dəyişikliklər müşahidə olunur. Bir çox banklarda korporativ idarəetmə, risklərin idarə olunması, daxili nəzarət və uyğunluq sistemləri beynəlxalq standartlara uyğunlaşdırılıb. Bu isə İslam maliyyə məhsullarının tətbiqi üçün vacib baza yaradır.

Asif İbrahimovun fikrincə, əsas məsələ texnologiya deyil, qanunvericilik və sistem uyğunluğudur. İndiki bank sistemi, əsasən, faiz əsaslı maliyyələşmə modelinə söykənir. İslam bankçılığı isə mənfəət və zərərin bölüşdürülməsi, aktiv əsaslı maliyyələşmə və risklərin tərəflər arasında paylaşılması prinsipi üzərində qurulur. Bu modeldə bank yalnız mənfəətdə iştirak edir və ya zərərə ortaq olur.

Bu səbəbdən bank qanunvericiliyi, vergi sistemi, mühasibat uçotu qaydaları və maliyyə nəzarəti mexanizmlərində xüsusi dəyişikliklər tələb olunur.

“Azərbaycan üçün ən real yanaşma tam keçid deyil. Hazırkı iqtisadi və institusional vəziyyət bunu qısa müddətdə mümkün etmir. Bu, uzunmüddətli prosesdir. Ona görə də ilkin mərhələdə indiki bankların nəzdində İslam maliyyə “pəncərələrinin” yaradılması daha məqsədəuyğun ola bilər.

Hazırda Azərbaycanda bank sektoru universal bank modeli üzərində qurulub və əsasən, faiz əsaslı maliyyə mexanizmləri ilə işləyir. Son illərdə sabitlik və dayanıqlıq artsa da, iqtisadi strukturda hələ də kredit asılılığı yüksəkdir. Real sektorun, xüsusilə istehsal və sənaye sahələrinin maliyyələşməyə çıxışı isə hələ də məhduddur”-deyə iqtisadçı vurğulayıb.

Onun sözlərinə görə, bank sektorunun iqtisadiyyatda rolu, əsasən, istehlak kreditləri və ticarət yönümlü maliyyələşmə üzərində cəmləşib: "Bu da uzunmüddətli inkişaf üçün struktur diversifikasiyasının vacibliyini göstərir" .

Asif İbrahimov bildirib ki, İslam maliyyə modelinin əsas üstünlüklərindən biri risklərin maliyyə institutu ilə sahibkar arasında bölüşdürülməsidir.

"Ənənəvi kredit modelində sahibkar fəaliyyət nəticəsindən asılı olmayaraq, faiz öhdəliklərini yerinə yetirməlidir. İslam maliyyələşməsində isə maliyyə institutu daha çox real aktivlərə və iqtisadi fəaliyyətə bağlı olur. Bu yanaşma xüsusilə startaplar, ailə biznesləri, kənd təsərrüfatı layihələri və yeni yaradılan müəssisələr üçün alternativ maliyyə imkanları yaradır və bir çox ölkələrdə uğurla tətbiq olunur.

Ümumilikdə, İslam maliyyə bazarının həcmi artıq trilyonlarla dollarla ölçülən qlobal bir sistemdir.

“Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir, Orta Dəhliz üzərindədir və müsəlman ölkələri ilə iqtisadi, siyasi və mədəni əlaqələri yaranıb. Buna görə də ölkənin regional halal maliyyə mərkəzinə çevrilmə potensialı var.

Bu potensialınə reallaşması üçün təkcə yeni bank məhsullarının yaradılması kifayət etmir.

Bütövlükdə İslam maliyyə ekosisteminin formalaşdırılması vacibdir. Bu isə qanunvericilik, vergi sistemi, sığorta sektoru və ümumilikdə iqtisadi modelin uyğunlaşdırılmasını tələb edir. Güclü iqtisadi baza olmadan bu sistemin dayanıqlı inkişafı mümkün deyil” –deyə bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »