Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı maraq artsa da, bu sahənin tam fəaliyyətə başlaması üçün qanunvericilik və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi vacibdir. Ekspertlər hesab edirlər ki, uyğun hüquqi baza yaradılarsa, yaxın illərdə faizsiz maliyyə məhsullarının mərhələli şəkildə bazara daxil olması mümkündür.
- Azərbaycanın indiki bank sistemi İslam bankçılığı modelinə keçid üçün nə dərəcədə hazırdır?
İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda İslam maliyyə aktivlərinin həcmi dünyada bir neçə trilyon ABŞ dolları ilə ölçülür və bu bazarın əsas iştirakçıları Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, İndoneziya, Qətər və Bəhreyn kimi ölkələrdir. Bu inkişaf təsadüfi deyil, onun arxasında bir sıra mühüm amillər dayanır.
“İlk növbədə, həmin ölkələrdə dövlət səviyyəsində İslam maliyyəsini dəstəkləyən hüquqi və institusional baza formalaşdırılıb. Yəni İslam bankları, İslam sığortası və İslam istiqrazları bazarları geniş şəkildə inkişaf etdirilib. Bu, təkcə bankçılıq sisteminin deyil, bütöv maliyyə ekosisteminin inkişafı deməkdir".
Asif İbrahimov hımçinin bildirir ki, Körfəz ölkələrində toplanan böyük maliyyə resursları bu sistemin sürətli genişlənməsinə şərait yaradıb: "Eyni zamanda Malayziya və Bəhreyndə beynəlxalq səviyyədə tanınan tənzimləmə, təhsil və maliyyə mərkəzləri yaradılıb. O biri tərəfdən, müsəlman əhalisinin faizsiz maliyyə məhsullarına artan tələbi də İslam bankçılığının inkişafına ciddi təkan verib".
İqtisadçı bildirir ki, əlavə olaraq, bir çox ölkələrdə iri infrastruktur, enerji və dövlət layihələrinin sukuk alətləri vasitəsilə maliyyələşdirilməsi İslam maliyyəsinin iqtisadiyyatda rolunu daha da gücləndirib.
İradə Cəlil, Bizimyol.info






