Çin ABŞ-ın son sanksiyaları və ixrac məhdudiyyətlərinə cavab olaraq onlarla Amerika şirkətinə qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Məhdudiyyətlərə nadir torpaq materiallarının istehsalçıları və müdafiə sektoru ilə əlaqəli şirkətlər də daxil olmaqla bir sıra müəssisələr düşüb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi Çin hökumətinin açıqlamalarına istinadən məlumat yayıb.
Çin Ticarət Nazirliyi "MP Materials" və "USA Rare Earth" şirkətlərini, eləcə də ABŞ ordusu ilə əlaqəli olduğu iddia edilən daha səkkiz şirkəti ixrac nəzarəti siyahısına daxil edib.
Bu şirkətlər üçün Çin mənşəli ikili təyinatlı məhsulların tədarükünə tam qadağa qoyulub. Əvvəllər belə əməliyyatlar xüsusi ixrac lisenziyası tələb etsə də, yeni qaydalara əsasən ixrac tam dayandırılır.
Çin tərəfi bu addımların ABŞ hökumətinin “düşmənçilik xarakterli siyasətinə” cavab olduğunu və ölkənin milli təhlükəsizliyi ilə iqtisadi maraqlarının qorunmasına yönəldiyini bildirib.
Bundan əlavə, Çin Maliyyə Nazirliyi daha 46 ABŞ şirkətinə qarşı məhdudiyyətlər tətbiq edib. Yeni qaydalara əsasən, Çin dövlət qurumları və təşkilatlarına bu şirkətlərin məhsullarını almaq qadağan edilib. Lakin Çində fəaliyyət göstərən ABŞ kapitalına məxsus müəssisələr həmin təchizatçılarla əməkdaşlığı davam etdirə biləcəklər.
Analitiklərin fikrincə, Pekinin bu addımları ABŞ-ın əvvəllər Çin texnologiya şirkətlərini Pentaqonun siyahısına daxil etməsinə cavab xarakteri daşıyır.
İki ən böyük iqtisadiyyat arasında davam edən danışıqlara baxmayaraq ticarət və iqtisadi gərginliyin artması da müşahidə olunur. ABŞ prezidenti daha əvvəl İran neftini alan Çin şirkətlərinə qarşı bəzi məhdudiyyətlərin yumşaldılmasını nəzərdən keçirə biləcəyini bildirmişdi.
Bizimyol.info






