Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran güclənərsə, regionda nə dəyişəcək?
İran güclənərsə, regionda nə dəyişəcək?

Bürgenştokda aparılan müzakirələr nəticəsində İran bəzi iqtisadi məsələlər üzrə mühüm razılaşmalar əldə etdiyini açıqlayıb. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, Qətər və Pakistanın vasitəçiliyi ilə neft və neft-kimya məhsullarının ixracına tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb, həmçinin dondurulmuş aktivlərin bir hissəsi açılıb. Tehran bunun ölkənin yenidən qurulması və iqtisadi inkişafı üçün yeni imkanlar yaratdığını bildirir.

  • Bu razılaşmalar İran iqtisadiyyatının bərpasına və regiondakı siyasi balansın dəyişməsinə necə təsir göstərə bilər?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsveçrədə keçirilən görüş ümumən nəticəsiz başa çatsa da, prosesin gedişindən məlum oldu ki, tərəflər bir çox istiqamətlər üzrə müəyyən razılaşmalar əldə ediblər. Biz bunu həm İran tərəfinin açıqlamalarında, həm də J.D. Vensin bəyanatlarında görürük.

Politoloq bildirib ki, görüşün sonuna yaxın İran tərəfi Donald Trampın bəyanatını səbəb göstərərək görüşü yarımçıq saxladığını bildirib. Lakin ümumən tərəflər arasında əldə olunmuş razılaşmalara əsasən, İranın dondurulmuş aktivlərinin bir hissəsinin sərbəst buraxılması, eləcə də sanksiyaların yüngülləşdirilməsi ilə bağlı məsələlər həllini tapmalı idi və bu istiqamətdə ümumi razılaşmalar mövcuddur.

“İranın neft-kimya sektoruna qoyulan qadağaların yumşaldılması və zamanla aradan qaldırılması üçün də imkan yarana bilər, bu, ölkə iqtisadiyyatı baxımından mühüm əhəmiyyət daşıyır. Bundan başqa, İranın bərpası üçün 300 milyard dollarlıq fondun yaradılması da müzakirə mövzusudur. Bu isə o deməkdir ki, əgər qeyd olunan razılaşmalar üzrə son nəticəyə gəlinərsə və tərəflər bunu qəbul edərlərsə, İran iqtisadiyyatı üçün kifayət qədər ciddi addımlar atılmış olacaq”-deyən politoloq bildirib ki, 47 ildir sanksiyalar altında olan və iqtisadiyyatı ciddi şəkildə zərər görən İran bu fürsətləri düzgün və müsbət şəkildə dəyərləndirərsə, tərəflər bundan sonrakı dövrdə də məsələləri siyasi yolla həll edərlərsə və qeyd olunan addımlar atılarsa, həmçinin 300 milyard dollarlıq fond yaradılarsa, bu, İran iqtisadiyyatının bərpasına və inkişafına ciddi təsir göstərəcək.

İqtisadi cəhətdən güclənən İran bölgədə daha ciddi rol oynamağa çalışacaq.

Politoloqun fikrincə, burada ən təhlükəli məqam ondan ibarətdir ki, İranda mövcud rejim iqtisadi baxımdan da güclənərsə, daxildəki etirazları səngidə bilər. Bu zaman bölgə ölkələri üçün daha çox təhdid yarada bilmə ehtimalını nəzərdən qaçırmaq olmaz.

Oqtay Qasımov qeyd edib ki, İranda normal siyasi sistem mövcud olsaydı və ölkə iqtisadi cəhətdən inkişaf etmiş olsaydı, bu, regionun qonşu dövlətləri üçün problem yaratmazdı: “İran təxminən 50 ilə yaxındır qonşuların daxili işlərinə qarışmaq, bölgədə proksi qüvvələr və agentura şəbəkələri yaratmaq siyasəti yürüdür və təsir mexanizmlərini təzyiq üzərində qurur, bu kifayət qədər təhlükəli məqamdır”.

Politoloqun fikrincə, ümumən bu razılaşmalar əldə olunarsa, ilk növbədə onların İran iqtisadiyyatına ciddi şəkildə müsbət təsir göstərəcəyi gözlənilir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »