Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keir Starmer istefa verdi: Böyük Britaniyada hakimiyyət böhranı dərinləşir
Keir Starmer istefa verdi: Böyük Britaniyada hakimiyyət böhranı dərinləşir

Böyük Britaniyada siyasi gündəmin əsas mövzusu Baş nazir Keir Starmerin istefası olub. Hakim Leyboristlər Partiyasının lideri olan Starmer bazar ertəsi etdiyi açıqlamada partiya rəhbərliyindən getdiyini və yaxın həftələrdə baş nazir postunu da tərk edəcəyini bildirib. O, yeni lider seçilənədək müvəqqəti hökumət başçısı kimi fəaliyyət göstərəcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Keir Starmer 2024-cü ilin iyulunda keçirilən parlament seçkilərində Leyboristlər Partiyasını böyük qələbəyə apararaq hakimiyyətə gəlmişdi. O zaman Starmer uzun illər davam edən siyasi qeyri-sabitliyə son qoyacağını və ölkədə sabitlik yaradacağını vəd edirdi. Lakin hakimiyyətdə keçirdiyi iki il ərzində həm onun şəxsi reytinqi, həm də Leyboristlər Partiyasının ictimai dəstəyi sürətlə aşağı düşüb.

Məlumata görə, Starmer son aylarda partiya daxilində ciddi təzyiqlərlə üzləşirdi. Bir çox partiya üzvü hökumətin zəifləyən mövqeyini bərpa etmək üçün yeni liderə ehtiyac olduğunu düşünürdü. Baş nazir istefa qərarını Londondakı məşhur "Downing Street 10" iqamətgahı qarşısında açıqlayıb. O, çıxışı zamanı emosional anlar yaşayıb və partiyasının qərarını hörmətlə qəbul etdiyini bildirib.

Leyboristlər Partiyasında yeni liderin seçilməsi prosesi iyulun əvvəlində başlayacaq. Namizədlərin qeydiyyatı iyulun 9-da açılacaq və parlamentin yay tətilinə çıxacağı 16 iyul tarixinədək davam edəcək. Yarışda yalnız hakim partiyanın parlament üzvləri iştirak edə biləcəklər.

Hazırda Starmeri əvəz etməyə ən şanslı namizəd keçmiş Böyük Mançester meri Andi Burnham hesab olunur. Burnham ötən həftə parlamentdə keçirilən xüsusi seçkidə qələbə qazanaraq siyasi mövqeyini daha da gücləndirib. Bununla yanaşı, keçmiş səhiyyə naziri Ves Streeting də mümkün liderlik yarışına qatılacağını açıqlayıb.

Starmerin istefası beynəlxalq arenada da diqqətlə izlənilir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen onun fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, Avropa və Ukraynanın təhlükəsizliyinin güclənməsində Starmerin mühüm rolu olub.

Keir Starmer son on ildə vaxtından əvvəl istefa verəcəyini açıqlayan altıncı Böyük Britaniya baş naziri kimi tarixə düşüb. Onun gedişi ölkədə yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »