İsraildə müxalifətin lideri Yair Lapid ötən gün Knessetdə çıxışı zamanı Baş nazir Benyamin Netanyahunu sərt tənqid edib.
Bizimyol.info xəbər verir ki, Lapidin sözlərinə görə, Netanyahunun İranla müharibənin ilk mərhələlərində həyata keçirməyə çalışdığı “Kürd planı” Türkiyənin mövqeyi səbəbindən baş tutmayıb.
“Baş nazir xoşuna gəlməyən bütün məlumatları gizlədir. O, Türkiyənin mümkün reaksiyasını və Ərdoğanın Vaşinqtondakı təsir gücünü nəzərə almadan iranlı kürdləri silahlandırmaq planı hazırlayıb. Lakin Ərdoğan ona yerini göstərdi”, – deyə Lapid vurğulayıb.
Müxalifət lideri Türkiyənin son dövrlərdə diplomatiya sahəsində təsir imkanlarını artırdığına diqqət çəkərək, Prezident Rəcəb Tayyib Ərdoğanın həm bölgədəki gücünün, həm də Vaşinqtondakı diplomatik nüfuzunun İsrail tərəfindən lazımınca qiymətləndirilmədiyini bildirib.
Məlumata görə, İranın qərbindəki kürd qruplarını silahlandıraraq Tehran hakimiyyətinə qarşı hərəkətə keçirmək planı Prezident Ərdoğanın ABŞ Prezidenti Donald Trampı razı salmasından sonra iflasa uğrayıb.
Donald Tramp isə ötən həftə Oval kabinetdə etdiyi çıxış zamanı Ərdoğan barədə danışarkən: “O, mənim çox yaxşı dostumdur və birlikdə çox yaxşı çalışmışıq. Mən onu sevirəm. O, möhtəşəm lider və çox güclü şəxsdir”, – deyə qeyd edib.
Bizimyol.info






