Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Qara dənizdə iki mülki xarici gəmiyə hücum edib, bir nəfər ölüb
Rusiya Qara dənizdə iki mülki xarici gəmiyə hücum edib, bir nəfər ölüb

İyunun 22-nə keçən gecə Rusiya ordusu Qara dənizdə Ukrayna limanlarına istiqamətlənən iki xarici mülki ticarət gəmisinə pilotsuz uçuş aparatları ilə hücum edib. Hadisə nəticəsində bir nəfər həlak olub, bir neçə dənizçi təxliyə edilib.

Bizimyol.info xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Panama bayrağı altında üzən Türkiyənin VICTRESS quru yük gəmisinə dron zərbəsi endirilib. Hücum nəticəsində gəmidə güclü yanğın başlayıb. Gəmidə Misir, Türkiyə və Hindistan vətəndaşlarından ibarət doqquz nəfərlik heyət olub.

Ukrayna Hərbi Dəniz Qüvvələri bildiriblər ki, yanğının genişlənməsi təhlükəsinə baxmayaraq, hərbi katerlər tərəfindən xilasetmə əməliyyatı həyata keçirilib və ekipaj üzvləri təxliyə olunub. Bununla belə, ekipaj üzvlərindən biri – Misir vətəndaşı olan 58 yaşlı aşpaz həyatını itirib.

Ukraynanın baş nazir müavini və icmaların inkişafı naziri Aleksey Kuleba bildirib ki, hücum nəticəsində gəmi ciddi zədələnib və dənizdə hərəkət imkanını itirib. Təxliyə olunan səkkiz dənizçi arasında Türkiyə və Hindistan vətəndaşları da olub.

Məlumata görə, həmin gecə Rusiya daha bir mülki ticarət gəmisinə – Palau və Beliz bayraqları altında üzən gəmiyə də hücum edib. Bu hadisədə xəsarət alan olmasa da, gəmi zədələrə məruz qalıb.

Ukrayna tərəfi baş verənləri beynəlxalq dəniz hüququnun pozulması kimi qiymətləndirib və Rusiyanın mülki gəmiçiliyə təhlükə yaratmağa davam etdiyini bəyan edib.

Son həftələrdə Qara dənizdə oxşar hücumların sayı artıb. İyunun 10-da Rusiya Barbados və Panama bayraqları altında üzən iki quru yük gəmisinə zərbə endirmişdi. İyunun 18-də isə Panama və Sent-Kits və Nevis bayraqları altında üzən iki mülki gəmi hücuma məruz qalmış, nəticədə bir nəfər ölmüş, bir neçə dənizçi yaralanmışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »