Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr anons etdi
Zelenski Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr anons etdi

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiyaya qarşı uzaqmənzilli zərbə imkanlarını genişləndirdiyini açıqlayıb. O bildirib ki, Ukraynada artıq 3000 kilometrdən çox məsafəyə uça bilən yeni pilotsuz uçuş aparatları hazırlanıb və Rusiya ərazisindəki hərbi infrastruktura qarşı hücumlar davam etdiriləcək.

Bizimyol.info xəbər verir ki, Zelenski “TSN” telekanalına müsahibəsində deyib ki, Rusiyanın hər gün Ukraynaya endirdiyi zərbələr cavabsız qalmayacaq. Prezidentin sözlərinə görə, Ukrayna artıq müharibəni Rusiya ərazisinə “geri qaytarmaq” mərhələsinə keçib.

“Qəzəb və emosiyalar haqlıdır. Amma qəzəbdən sonra konkret addımlar gəlməlidir. Onlar bunun nəticələrini hiss etməlidirlər”, – deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, Rusiya cəmiyyəti hələ də Kremlin başlatdığı müharibənin real nəticələrini tam hiss etmir. Buna görə də Ukrayna Rusiyanın hərbi sənayesini və logistikasını dəstəkləyən obyektlərə zərbələri artırır.

Zelenskinin sözlərinə görə, Ukrayna bu yaxınlarda Rusiyanın Tümen bölgəsində yerləşən neft emalı zavoduna 2070 kilometr məsafədən uğurlu zərbə endirib. O bildirib ki, yeni hazırlanmış dronlar daha uzaq məsafələrdə yerləşən hərbi obyektləri, neft bazalarını və qaz anbarlarını da hədəfə ala biləcək.

“Bu, yeni və effektiv dronlardır. Biz daha da irəli gedəcəyik. Çünki onların bütün hərbi obyektlərinin, zavodlarının, neft bazalarının və qaz anbarlarının harada yerləşdiyini bilirik”, – deyə Ukrayna lideri vurğulayıb.

Zelenski əlavə edib ki, 2026-cı ildə Ukrayna Rusiyaya qarşı daha ağrılı və hiss olunan zərbələr endirməyə başlayıb və bunu “ədalətin elementi” adlandırıb.

Bu arada Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri sosial şəbəkələrdə paylaşdıqları görüntülərlə diqqət çəkiblər. Paylaşımda Kerçdə hücuma məruz qalan neft bazasının Krım körpüsünə yaxın yerləşdiyi göstərilib. Mesajda “Heç nəyə eyham vurmuruq, amma bu gecə Krım körpüsünü çox yaxından gördük” ifadəsi yer alıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »