Son dövrlərdə vətəndaşlar kredit almaq üçün banka müraciət etdikdə, onlara tez-tez başqa bankdakı borclarını bağlamaq məqsədilə yeni kredit təklif olunur.
Nəticədə insan mövcud maliyyə yükündən qurtulmaq əvəzinə, bir borcu digər borcla əvəz edir və kredit asılılığı daha da dərinləşir.
İlk baxışdan bu addım vətəndaş üçün çıxış yolu kimi görünsə də, əslində uzunmüddətli perspektivdə borclanma risklərini artırır.
Bu tendensiya göstərir ki, kredit bazarında borcların restrukturizasiyası ilə yanaşı, vətəndaşların maliyyə savadlılığının artırılmasına da ciddi ehtiyac var.
İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, köhnə borcların yeni kredit hesabına bağlanması əslində problemin həlli deyil, onun gələcəyə daşınmasıdır.
“İnsanlara elə təqdim olunur ki, guya maliyyə vəziyyətləri yaxşılaşır.
Əslində isə borc silinmir, sadəcə başqa formada və əksər hallarda daha uzun müddətə rəsmiləşdirilir”, – deyə iqtisadçı qeyd edib.
İqtisadçının fikrincə, bu prosesdə vətəndaş heç bir halda qazanmır. Çünki bank köhnə kreditləri bağlayaraq yeni kredit müqaviləsi bağlayır, kredit müddətini uzadır və nəticədə daha çox faiz gəliri əldə edir. Aylıq ödənişin azalması vətəndaşda rahatlıq hissi yaratsa da, ümumi ödənilən məbləğ əksər hallarda artır.
Asif İbrahimov hesab edir ki, banklar bunu risklərin idarə olunması kimi təqdim etsələr də, məsələnin digər tərəfi ondan ibarətdir ki, kredit bazarında artım tempinin zəiflədiyi dövrlərdə mövcud borcluların yenidən kreditləşdirilməsi banklar üçün əlavə gəlir mənbəyinə çevrilir. Başqa sözlə, yeni müştəri tapmaq çətinləşdikdə, köhnə borclar yeni kredit məhsuluna çevrilir.
“Ən təhlükəli məqam isə vətəndaşın ‘borcu borcla bağlama’ psixologiyasına alışmasıdır. İnsan düşünür ki, çıxış yolu tapıb, halbuki əksər hallarda sadəcə borc yükünün müddəti uzanır. Bu gün kreditini bağlamaq üçün yeni kredit götürən şəxs sabah eyni vəziyyətlə yenidən üzləşə bilər.
Bu tendensiyanın geniş yayılması əhalinin maliyyə imkanlarının zəifləməsinin və istehlak kreditlərindən yüksək asılılığının göstəricisidir. Əgər insanlar gəlirlərini artırmaq əvəzinə köhnə borclarını yeni borcla ödəməyə məcbur olurlarsa, bu artıq təkcə fərdi maliyyə problemi deyil, sosial-iqtisadi siqnaldır”, – deyə iqtisadçı bildirib.
İqtisadçı deyir ki, kredit konsolidasiyası bəzi hallarda maliyyə sağlamlaşdırılması vasitəsindən çox, borcun ömrünü uzadan mexanizmə çevrilir. Borc yükü azalmasa, sadəcə vaxtı uzanarsa, bu nə vətəndaşın rifahını artırır, nə də iqtisadiyyatın dayanıqlığını gücləndirir.
“Köhnə borcu yeni kreditlə bağlamaq xəstəliyin müalicəsi deyil, ağrıkəsici qəbul etmək kimidir. Ağrı bir müddət azalır, amma problemin özü qalır. İqtisadi baxımdan dayanıqlı həll yolu borcun restrukturizasiyası ilə yanaşı, gəlirlərin artırılması, maliyyə savadlılığının yüksəldilməsi və məsuliyyətli kreditləşmə siyasətinin gücləndirilməsidir”, – deyə o bildirib.
İradə Cəlil, Bizimyol.info






