Amerikanın planlaşdırdığı, proseslər nəzarətdən çıxmadan bir nəzarət mexanizmi bu 14 bəndli memorandumun içində formalaşan nəzarət mexanizmini sistemləşdirməlidir.
Əgər həmin mexanizm sistemləşdirilə bilməsə, çox ehtimal ki, bu danışıqlar çox kritik bir vəziyyətə çevrilə bilər.
Belə olan halda ABŞ daha məcbur qalaraq daha kəskin qərarlar verməli olar və ümumi yanaşmasını dəyişmək məcburiyyətində qala bilər.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, ümumi trend ondan ibarətdir ki, ABŞ bu mərhələdə memorandum üzərində bir strateji güvən yoxlama prosesi formalaşdırmağa çalışır.
Sadiq İsabəyli bildirib ki, əgər bu strateji güvən yoxlama prosesi müsbət nəticələnərsə, ABŞ-ın gözləntiləri qarşılanarsa, iqtisadi asılılıq siyasəti cavab verərsə və rejimin digər siyasi qərarlarına təsir imkanları artarsa, bu proses müsbət mənada yekunlaşa bilər.
O vurğulayıb ki, belə olan halda İranda Trampın da ifadə etdiyi kimi, ciddi dəyişikliklərin baş verdiyi, birinci və ikinci mərhələdə rəhbərlik sistemində dəyişikliklərin olduğu, üçüncü mərhələdə isə daha uzlaşmaya açıq, müzakirəyə meyilli şəxslərin önə çıxdığı bir prosesdən danışmaq mümkün ola bilər.
Onun sözlərinə görə, lakin burada əsas məqam ondan ibarətdir ki, rejim tərəfi əgər sadəcə formal dəyişikliklər edib mahiyyəti olduğu kimi saxlayarsa — yəni həm daxili siyasətdə, həm regional yanaşmada, həm də ideoloji xəttdə əsas dəyişikliklər baş verməzsə — bu halda vəziyyət dəyişməz qalacaq və bölgə üçün təhdidlər davam edəcək.
Siyasi şərhçi əlavə edib ki, belə olan halda “qabığın dəyişməsi”, lakin mahiyyətin olduğu kimi qalması həm region, həm də dünya üçün risklərin davam etməsi deməkdir.
Sadiq İsabəyli qeyd edib ki, bu səbəbdən İsrail tərəfi İranın mövcud ideoloji rejimini ciddi təhdid kimi qiymətləndirir və onu bir növ “ilan metaforası” ilə izah edərək problemin köklü şəkildə həllinin vacibliyini vurğulayır. Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu da dəfələrlə açıq şəkildə bəyan edib ki, bu rejimlə bağlı əsas məsələ hələ yekunlaşmayıb və təhlükənin aradan qaldırılması zəruridir.
Sadiq İsabəylinin fikrincə, İsrail tərəfi hesab edir ki, yalnız rejimin dəyişməsi və ya zəiflədilməsi İsrailin təhlükəsizliyini təmin edə bilər, çünki proksi qüvvələr və uzun mənzilli raket proqramı tam şəkildə dayandırılmayıb və bu struktur dəyişmədiyi müddətcə təhdid amili qalmaqda davam edir.
O əlavə edib ki, bütün bunlar bir çox amillərdən asılıdır və prosesin necə inkişaf edəcəyi hələlik açıq qalır.
Onun sözlərinə görə, İran tərəfinin açıqlamalarında, o cümlədən Məsud Pezeşkianın qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması və sülh danışıqlarının aparılması ilə bağlı mesajlarına baxmayaraq, bu bəyanatların real nəticəyə çevrilib-çevrilməyəcəyi hələ də sual olaraq qalır.
İradə Cəlil, Bizimyol.info






