İsrail tərəfi düşünür ki, danışıqlar prosesi İranın nüvə proqramı üzərində vaxt qazanmasına xidmət edə bilər. Eyni zamanda ABŞ və İran arasında memorandumun detalları hələ də tam aydın deyil və bu, fərqli şərhlərə yol açır. Bu vəziyyət tərəflər arasında etimad böhranını daha da dərinləşdirə bilər.
Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail tərəfi hesab edir ki, İranla aparılan danışıqlar prosesi faktiki olaraq Tehranın nüvə proqramı üzrə vaxt qazanmasına xidmət edir. Bu fikrin İsrail tərəfindən irəli sürülməsi, onun regiondakı təhlükəsizlik narahatlıqlarının və məsələyə yanaşmada həssas mövqeyinin göstəricisi kimi qiymətləndirilir.
Sadiq İsabəyliO qeyd edib ki, İsrail yaxşı bilir ki, İran illərdir nüvə proqramının inkişaf istiqamətləri ilə bağlı bir sıra məqamları gizli saxlayır və bu sahədə hələ də aydınlıq gətirilməmiş ciddi suallar mövcuddur. Bu baxımdan İsrailin məsələni gündəmə gətirməsi, onun beynəlxalq təhlükəsizlik baxımından mövqeyini ifadə edir.
Sadiq İsabəyli vurğulayıb ki, proseslərin şəffaflığı ciddi sual altındadır və Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatlarında da dəfələrlə qeyd olunub ki, İran tərəfi agentliyə bütün suallara cavab vermək və nüvə fəaliyyəti ilə bağlı gizli obyektlərə çıxış imkanı yaratmaqda ciddi məhdudiyyətlər tətbiq edir. Bu isə həmin obyektlərdə müşahidə və araşdırmaların aparılmasını çətinləşdirir.
Onun sözlərinə görə, bu səbəbdən əsas sual hələ də açıq qalır: İran tərəfi danışıqlar prosesindən paralel şəkildə gizli nüvə fəaliyyətlərini davam etdirmək üçün istifadə edirmi?
Sadiq İsabəyli bildirib ki, ABŞ və İran arasında imzalanan memorandumun detalları hələ də tam şəkildə açıqlanmayıb və bu vəziyyət müxtəlif interpretasiyalara yol açır. Onun sözlərinə görə, verilən açıqlamalara əsasən, memorandum elə tərtib olunub ki, hər iki tərəf sənədi öz siyasi mövqelərinə uyğun şəkildə şərh edə bilsin.
O əlavə edib ki, hətta bəzi iranlı jurnalistlərin fikrincə, bu mətn elə qurulub ki, Tehran və Vaşinqton öz narrativlərini sərbəst şəkildə ortaya qoya bilsinlər və müəyyən çərçivə daxilində razılaşma formalaşsın.
Sadiq İsabəyli qeyd edib ki, bu ön razılaşma tərəflərə öz maraqları çərçivəsində prosesi davam etdirmək imkanı verir, lakin İran–ABŞ münasibətlərinin 47 illik tarixində əsas problem qarşılıqlı etimadsızlıq olaraq qalır və bu gün də ciddi böhran mövcuddur.
O vurğulayıb ki, hər iki tərəf etiraf edir ki, etimadın formalaşması üçün ciddi zəmin yaradılmalıdır və bu böhranın aradan qaldırılması əsas prioritetlərdən biridir.
Sadiq İsabəyli bildirib ki, bəzi İran rəsmiləri, xüsusilə SEPAH-a yaxın qurumlar və media orqanları memorandumun tam mətninin ictimaiyyətə açıqlanmayacağını iddia edirlər və bunun ABŞ tərəfi ilə də razılaşdırıldığı bildirilir.
“Beynəlxalq mediada yayılan 14 bəndlik sənədin mövcudluğu barədə iddialar olsa da, tərəflər onun rəsmi sənəd olmadığını və məzmunun dəqiqliyinin sual altında olduğunu bildirirlər.
Həmin 14 bəndlik çərçivəyə baxdıqda görünür ki, tərəflər həm də vaxt qazanmağa çalışırlar və bu müddət ərzində qarşılıqlı etimadın bərpası istiqamətində proses aparılır”-deyən Sadiq İsabəyli əlavə edib ki, sənəddə nəzərdə tutulan bəzi bəndlərin müəyyən olunmuş zaman çərçivəsində həyata keçirilməsi çətin görünür və buna görə də prosesin uzadılması ehtimalı da gündəmdədir.
O qeyd edib ki, istənilən halda danışıqlar yalnız müəyyən zaman çərçivəsində real nəticə verdiyi halda effektiv ola bilər, əks halda prosesin həddindən artıq uzadılması ciddi problemlər yarada bilər.
Sadiq İsabəyli vurğulayıb ki, ABŞ və İran arasında birbaşa kommunikasiya kanalları güclənməzsə, vasitəçilərin rolu zəifləyə bilər və bu da etimadsızlığın daha da dərinləşməsinə gətirib çıxara bilər.
Onun sözlərinə görə, əksinə, əgər bu proses birbaşa kanalların formalaşmasına şərait yaratsa, bu vasitəçilərin rolunu zəiflətməz, əksinə daha effektiv nəticələrə səbəb ola bilər.
Sadiq İsabəyli qeyd edib ki, bununla belə ciddi maneələr mövcuddur və 14 bəndlik sənədə baxdıqda ABŞ-ın prosesi nəzarət altında saxlayan əsas aktor kimi çıxış etməyə çalışdığı görünür.
“ABŞ prosesi uzatmadan nəticəyə aparmaq istəyir, lakin İran tərəfi öhdəlikləri yerinə yetirməzsə və nüvə proqramı ilə bağlı yeni faktlar ortaya çıxarsa, ABŞ-ın daha sərt mövqe sərgiləməsi istisna edilmir.
Donald Trampın açıqlamalarına görə, İran vaxt qazanmağa çalışarsa, danışıqların dayandırılması ehtimalı da gündəmə gələ bilər” deyən ekspert vurğulayıb ki, İsrailin təhlükəsizlik narahatlıqları da bu prosesdə mühüm rol oynayır və İsrail hesab edir ki, İran hələ də region ölkələrini və xüsusilə İsraili təhdid altında saxlamağa çalışır.
Sadiq İsabəyli vurğulayıb ki, raket proqramı, uzunmənzilli silahlar və proksi qüvvələr məsələsi bu çərçivədə əsas təhlükə kimi qiymətləndirilir və bu səbəbdən İsrailin mövqeyi sərtdir.
Onun sözlərinə görə, sənəddə İran üçün müəyyən iqtisadi güzəştlərin də nəzərdə tutulduğu bildirilir. Buraya neft və neft məhsullarının ixracına imkanların yaradılması və təxminən 300 milyard dollarlıq maliyyə fondunun formalaşdırılması kimi mexanizmlər daxildir.
“ABŞ Prezidenti Donald Tramp ABŞ-ın bu fonda birbaşa maliyyə köçürməyəcəyini bildirib, lakin Körfəz ölkələri və Avropa dövlətlərinin bu prosesdə iştirak edə biləcəyi ehtimal olunur.
Bu yanaşma ABŞ-a dolayı nəzarət imkanlarını qorumağa şərait yaradır və prosesin idarə olunmasında təsir gücünü saxlayır”-deyən ekspert bildirib ki, ABŞ-ın ümumi strategiyası hərbi müdaxilə deyil, iqtisadi təzyiq və mərhələli güzəştlər üzərindən nəticə əldə etməyə əsaslanır.
Safiq İsabəylinin sözlərinə görə, ümumilikdə sənəd çoxtərəfli və nəticəyə yönəlmiş mexanizm kimi görünsə də, elə tərtib olunub ki, tərəflər onu öz maraqlarına uyğun şəkildə şərh edə bilirlər: “Əsas məsələ öhdəliklərin yerinə yetirilməsi, şəffaflığın təmin olunması və İran–ABŞ münasibətlərinin yeni mərhələyə keçməsidir. Əgər İran danışıqlara yalnız vaxt qazanmaq vasitəsi kimi yanaşarsa, bu, İsrailin mövqeyini gücləndirə və ABŞ-ın diplomatik proseslər üzərində nəzarət imkanlarını zəiflədə bilər. ABŞ isə bu mərhələdə memorandum vasitəsilə strateji güvən mexanizmi formalaşdırmağa çalışır və prosesin nəticəsi tərəflərin öhdəliklərə əməl etməsindən asılı olacaq”.
İradə Cəlil, Bizimyol.info






