"Şeir yazmaq da, oxumaq da köks ötürmək kimi bir şeydir: anidən, səssizcə..."
(Qulu Ağsəs)
“Poeziya — quruda yaşayan, ancaq havada uçmaq istəyən dəniz canlısının etirafıdır”.
Bunu mən yox, İsveç əsilli Amerikalı şair deyib.
Deyəcəksiniz: Amerika?! Şair?!
Hə-hə! Şair. Həm də poeziyanı su canlısına bənzədən Karl Sandburq tək deyil. Ən azı Robert Frost var - "Bostondan şimal tərəfdə"...
...Su canlısı quruya bəlkə nə zamansa qanadlanıb uçmaq umacağı ilə çıxır. Ancaq ruhu pərvazlanmağa həvəslənsə də, ayaqları heç vaxt yerdən üzülmür.
Əslində "su canlısı heç vaxt uçmur" demək də olmaz. Yengəc, məsələn, quruya çıxanda ara-sıra "uçur" - leyləyin, ya da qarabatdağın "nahar süfrəsinə" qədər...
Bu, yengəcin ilk və son uçuşudur; onun Göylərə havalanmaq xəyalı ətcil quşların iti caynaqlarında ölümcül gerçəyə çevrilir...
Poeziyanın real dünya ilə könüllü "toqquşması" da, bax, həmin o bəxtsiz yengəcin əbədiyyətə uçuşu kimidir.
...Biz insanlar da elə ömrümüz boyu bircə dəfə ölümcül uçuruq. Ömürdən sonra. Ruh olanda. Allaha tərəf...
Həmin o yengəc kimiyik; vaxtımız çatanda biz də həyatımızın sahilinə çıxırıq. Qismətimizdə varsa, son dəfə uçmaq üçün...
Qulu Ağsəsin poeziyası da Göylərin dərinliklərində "üzmək" istəyən "melanxolik" yengəc xəyalının irreal uçuş qrafikidir.
...Dalğalar dənizin qanadlarıdır, bilirsiniz, sahillər isə "uçuş-enmə zolağı". Dalğalar qayalarla qucaqlaşar, ya da sahil qumluğuna dirsəklənib bir hovur dincini alar. Sular torpaqla görüşüb-öpüşüb halallaşandan sonra parçalanar, zərrələrə bölünüb səpələnər, dənizin sərinliyini və ləpələrin işığını ətrafdakı adamlara, quşlara, şəhərlərə, balıqçı qəsəbələrinə, çöllərə, çimərliklərə paylayıb yenidən geriyə - yerinə qayıdar.
Dəniz ara-sıra qabarar-çəkilər, kükrəyər-kiriyər, amma həmişə durmalı olduğu nöqtəni tanıyıb tapar - öz yerini bilər. Qulu Ağsəsin şeirini mən belə duyuram, bu dənizin səsini eşidirəm.
Dedim, Qulu Ağsəsin şeiri yengəc xəyalının uçuş qrafikidir. Publisistikasına gəlincə, bu, zərif sentmentlərlə yüngülcə yüklənmiş, metaforla, anlamla süslənmiş bədii fikir qatarının hərəkət cədvəlidir - ədəbi narrativin qafiyəsiz, amma poetik qiyafətidir.
Deyir: "...publisistik yazılarımda da öz mövqeyimlə cəmiyyətin mövqeyi arasındakı mövqeyi qələmə almağa cəhd edirəm".
Kimsə deyəcək, Qulu Ağsəs Allahlıq iddiasına düşüb.
Hə, "düşüb". Həmin iddia ərizəsini də poetik üslubda yazıb:
"Bu da mənim baxtımdandır,
Gözüm tanrı taxtındadır -
Onun da yeri boş deyil".
Qulu Ağsəs yiyəsiz yerə iddialıdır, Yerin-Göyün sahibi isə onun "baxtından" öz yerindədir, yeri boş deyil...
Bir az ortaya qayıdaq. Öz mövqeyi ilə cəmiyyətin mövqeyi arasındakı mövqeyi qələmə alan publisistika Yaradanın mövqeyinin ifadəsi olsa gərək.
Bu, mənə yaponların zen mədəniyyətini xatırlatdı. Koan bir sual kimi bəzən absurd görünə, paradoksal səslənə bilər. Təxminən belə (təxminən də yox, dəqiq!): "Sən özünün şəxsi fikrinlə razısanmı?"
Soruşacaqsan: insan öz fikri ilə necə razı olmaya bilər?!
Deyim: Qulu Ağsəs nəinki cəmiyyətin mövqeyi ilə razılaşır, heç öz şəxsi mövqeyi ilə də "razı deyil". Çünki mütləq həqiqət varsa, bu, o iki mövqenin arasındadır. Qulu Ağsəsin publisistikasının bədii gücü, mistik enerjisi, bax, o sirrli aralıqda "gəzinir", ya da "gizlənir". Həm də hər kəsin ürəyi ilə görə biləcəyi yerdə "gizlənir". "Saat 6-nı gözləyirəm..." kitabı belə gizlinlərlə doludur.
Bilmirəm, Qulu zen fəlsəfəsinin dərinliklərində nə qədər "üzüb", bəndənizin bir az o "sahillərdə" dolaşmışlığı var: Qulunun poeziyasında da, prozasında da koan burulğanına düşür adam:
"Gördün üşüyürsən... yandır özünü".
Bu da koan: Adam üşüyəndə öz alovuna qızına bilərmi?!
Yaxud: "Altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam".
Bunu zen fəlsəfəsinin sualına çevirsək: "Ağac yorulanda altındakı skamyada oturub dincini ala bilərmi?!" deyə Yeri-Göyü Yaradanı sorğulayacaq daha bir koan...
"Harda itib-batmısan,
hayına çağır, gəlim.
Toyuna çağırmadın,
Vayına çağır, gəlim".
...Öz yasına bizi dəvət eləməyən doğmalardan biz heç incidikmi?!
Hə, ruh olub uçan doğmalardan ara-sıra sevə-sevə küsürəm. Elə hərdən öz atamdan da soruşmaq istəyirəm: "On yaşında oğlunu bu zalım dünyaya buraxıb o biri dünyaya necə gedə bildin?!"
Mənim verə bilmədiyim suala onun verə bilmədiyi cavabı da elə aydın eşidirəm ki! İnanmayacaqsınız!
Həyatımızdan gəlib keçmiş, ya da gəlmiş, ancaq keçməmiş o qədər dost-doğmaca koanlar var ki!
Qulu Ağsəs qələmində də onlar çoxdu: sualları "gedər-gəlməz"ə göndərmiş cavablar, cavablarını gözləməyən suallar...
Demişdim: "Bəzi suallar cavabsız da gözəldir".
Ancaq elə suallar da var, cavabsız daha gözəldir.
Qulu Ağsəsin qələmini bir durğu işarəsinə bənzətsəm, o, sual işarəsi olar. Şükür Allaha, nida işarəsi deyil. Yoxsa mən oxuyub kitabın axırına çıxana qədər pafos axırıma çıxardı.
Başqalarını oxuyanda pafosdan çox yorulmuşdum, Qulu Ağsəsin poeziyasında dincəlirəm. Qulu Ağsəsin qələmi dinclik duyğusunun qaynağıdır - öz-özünə qaynayıb çıxır. Bu bulağın qırağını yüngülcə hasarlasa, Qulu Ağsəs adına poetik istirahət mərkəzi də açmaq olar...
Dinclik demişkən.
Dərin sular sakit axır. Sakit sular dərin axır.
Qulu Ağsəsə veriləsi suallar və Qulu Ağsəsdən alınası cavablar... hamısı bu sakit dərinlikdə, dərin səssizlikdə qanadlanıb... "axır".
...Sandburqun dediyi kimidirsə, Göylərə uçmaq həvəsi ilə sudan sahilə çıxmış qanadsız yengəc təbiətin ən çətin sualıdır.
Ən cavabsız koandır Qulu Ağsəs.
Təxminən belə: Şimal qütbündən şimalda nə var?!
...Qulu Ağsəs, saat 6-nı gözləmədim, çiçəyi burnunda kitabını oxudum. "Saat 6-nı..."
Şeirlərini isə hər səhər saat 6-da acqarına bir stəkan sərin su kimi içirəm.
Dünyadan köçənlərin dünyadan köçəcəklərə ehsanı olsun!
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi






