Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Orucov: Ukrayna məsələsində Qərbin mövqeyi həlledici olaraq qalır
Əli Orucov: Ukrayna məsələsində Qərbin mövqeyi həlledici olaraq qalır

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan 55 dəqiqəlik telefon danışığında Ukrayna müharibəsinin dayandırılması və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Rusiya tərəfinin açıqlamasına görə, Tramp münaqişənin həlli üçün Kiyevə və Avropadakı tərəfdaşlara təsir göstərməyə hazır olduğunu bildirib.

Danışıq zamanı ABŞ–İran münasibətləri, aparılan danışıqların gedişi və gələcək diplomatik təmaslar da gündəmə gəlib.

  • Tramp və Putin arasında aparılan bu təmaslar Ukrayna müharibəsinin həllinə real təsir göstərə bilərmi?

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın Rusiya ilə əlverişli sövdələşmə əldə etmək cəhdləri bir neçə dəfə uğursuzluğa düçar olub. Onun Ukrayna müharibəsinə yanaşması fərqlidir. Ağ Ev rəhbərinin əvvəlki dövrlərdə irəli sürdüyü təkliflərdə Ukraynanın və Qərbin maraqları tam şəkildə nəzərə alınmırdı. O, Kiyevdən ərazi itkiləri və digər güzəştlər tələb edirdi. Tramp üçün Ukraynanın suverenliyi və ərazi bütövlüyü prioritet məsələ kimi görünmürdü.

Politoloqun fikrincə, Qərbin və Ukraynanın münaqişənin həlli ilə bağlı öz variantları mövcuddur və bu yanaşmalar Trampın təkliflərinin bəzi məqamları, xüsusilə də fundamental məsələlər üzrə ziddiyyət təşkil edirdi.

Əli Orucov hesab edir ki, ABŞ–İran müharibəsindən sonra qlobal düzəndə yeni çalarlar yaranıb. Moskvanın fəallığı da müəyyən qədər artıb.

“Bu, həm diplomatik müstəvidə, həm də enerji böhranından istifadə imkanlarında özünü göstərdi. Tehranla Vaşinqton arasında razılıq əldə olunduqdan sonra diqqət yenidən Ukrayna müharibəsinə yönəldi. ABŞ və Rusiya prezidentlərinin telefon danışığı formal olaraq Donald Trampın ad günü münasibətilə təbrik xarakteri daşısa da, beynəlxalq məsələlər, xüsusilə də Ukrayna müharibəsi ətrafında müzakirələr aparılıb.

İran müharibəsində özünü qalib hesab edən Tramp yaxın vaxtlarda Ukrayna–Rusiya müharibəsini həll edən lider kimi də görünmək istəyərdi. Lakin Qərbin və Ukraynanın maraqlarından kənar buna nail olmaq mümkün görünmür”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, Kollektiv Qərb artıq beynəlxalq münasibətlər sistemində müstəqil güc kimi daha inamlı addımlar atır.

Politoloq hesab edir ki, əgər ABŞ Qərblə maraqlarını uzlaşdıra bilsə, bu müharibənin başa çatdırılmasında əhəmiyyətli rol oynaya bilər. Hazırkı mərhələdə isə qarşılıqlı hücumların intensivliyi və miqyası genişlənməkdə davam edir.

Əli Orucovun fikrincə, mövcud vəziyyət tərəfləri danışıqlar masası arxasına əyləşdirməyi xeyli çətinləşdirir. Ukraynanın müdafiə qabiliyyətinin güclənməsinə yönələn Qərbin maliyyə və hərbi dəstəyi Vladimir Putin üçün gözlənilməz vəziyyət yaradıb. Moskva güzəştlərə məcbur edilməyəcəyi təqdirdə, liderlər arasında keçirilən son telefon danışığı da ciddi nəticələr verməyəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »