ABŞ administrasiyası Hörmüz boğazından neft tankerlərinin hərəkətini bərpa etmək üçün tədbirləri, o cümlədən ABŞ gəmilərinin müşayiəti ilə gedən gəmilər üçün rüsum tətbiq etmək imkanını müzakirə edir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Evdə nəzərdən keçirilən planlar gəmi sahiblərini və sığorta şirkətlərini İranla davam edən danışıqlar fonunda yenidən bu marşrutdan istifadə etməyə razı salmağı hədəfləyir. Təkliflərdən biri gəmiçilik şirkətlərinə “VIP keçid icazəsi” verilməsi, yəni əlavə ödəniş müqabilində sürətləndirilmiş və təhlükəsiz keçidin təmin olunmasıdır. Bu prosesin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə müşayiət edilə biləcəyi də bildirilir. Lakin hələlik yekun qərar qəbul edilməyib.
"Kpler" analitik şirkətin məlumatına əsasən, Fars körfəzində Hörmüz boğazına yaxın ərazidə təxminən 500 gəmi, o cümlədən 220 neft tankeri təhlükəsiz keçid üçün növbə gözləyir.
ABŞ prezidenti Donald Trump bundan əvvəl Hörmüz boğazının yenidən gəmiçilik üçün açıldığını bildirsə də, bir çox gəmi sahibi regionda gərginliyin yenidən arta biləcəyi ehtimalı səbəbindən ehtiyatlı davranır.
Qeyd edək ki, böhrandan əvvəl bu boğazdan dünya neft tədarükünün təxminən 20 faizi keçirdi.
Bizimyol.info






