Ermənistanda baş verən son hadisələr Nikol Paşinyanın ölkədə Rusiya ilə əlaqəli olduğu iddia edilən siyasi şəbəkəyə qarşı ciddi addımlar atdığını göstərir. Müxalifət liderləri Robert Köçəryan, Qagik Sarukyan və Samvel Karapetyanın ölkədən çıxışına qadağa qoyulduğu, həmçinin onlar barəsində hüquqi prosedurların başladığı bildirilir.
- Paşinyanın bu addımları Ermənistanın daxili siyasətində Rusiyanın təsirinin zəiflədilməsi istiqamətində atılan addımlar kimi qiymətləndirilə bilər. Bəs bu proses Ermənistanın xarici siyasət kursunu tam şəkildə Qərbə yaxınlaşdıracaqmı?
Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyanın daxili və xarici siyasət kursu Ermənistan üzərində Rusiyanın təsirinin azalmasına yönəlsə də, bunu tam şəkildə Rusiyadan və onun liderlik etdiyi hərbi-siyasi, eləcə də iqtisadi bloklardan qopma kimi qiymətləndirmək indiki mərhələdə çətindir.
Politoloqun fikrincə, Ermənistan hazırda balanslaşdırılmış xarici siyasət kursu həyata keçirir və onun tam şəkildə Qərbə inteqrasiyası yaxın perspektivdə real görünmür.
“7 iyun seçkilərindən cəmi bir neçə gün əvvəl Paşinyan bəyan etmişdi ki, seçkilərdən sonra Rusiyaya səfər etməyi planlaşdırır. Başqa sözlə, seçkilərdə qalib gələcəyinə əmin olan Paşinyan bununla seçkidən sonrakı dövrdə də Rusiya ilə münasibətlərin qorunub saxlanılacağı mesajını cəmiyyətə ötürmüşdü.
Bundan əlavə, o, seçkilər ərəfəsində Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmayacağını da bəyan etmişdi. Hətta AİB-i Ermənistanla bağlı daha təşviqedici və həvəsləndirici addımlar atmağa çağırmışdı.
Hazırda Ermənistan bir tərəfdən Avropa İttifaqı ilə əməkdaşlığını dərinləşdirir, digər tərəfdən isə Qərb tərəfdaşlarını Rusiyadan qısa müddətdə ayrılmağın mümkün olmadığına inandıraraq maksimum dəstək almağa çalışır. Eyni zamanda Rusiyaya da “bizə dəstək verin ki, sizinlə yollarımızı ayırmayaq” mesajı verir”, – deyə politoloq bildirib.
Şəhla Cəlilzadənin sözlərinə görə, Rusiya seçkiqabağı dövrdə müxalifətin mövqeyini gücləndirmək və proseslərdəki rolunu nümayiş etdirmək məqsədilə Ermənistana qarşı müəyyən iqtisadi məhdudiyyətlər tətbiq edib. Lakin kənd təsərrüfatı məhsullarına yönəlmiş bu məhdudiyyətlər Ermənistan iqtisadiyyatı üçün ciddi təhlükə yaratmayıb. Xüsusilə bu dövrdə Ermənistan bir sıra Avropa İttifaqı ölkələrinin bazarlarına əlavə rüsumlar olmadan çıxış imkanı əldə edib.
Politoloq hesab edir ki, Rusiya istəsəydi, Rusiya–Türkiyə təyyarə böhranı və ya Rusiya–Avropa enerji böhranı dövründə olduğu kimi, Ermənistan iqtisadiyyatı üçün daha ciddi təhdidlər yarada bilərdi. Lakin görünən odur ki, mövcud əməkdaşlığın qorunması hazırda hər iki tərəfin maraqlarına cavab verir. Bu səbəbdən də 2023 və 2024-cü illərdə olduğu kimi, hazırda tətbiq edilən iqtisadi təzyiqlərin də Paşinyanın Rusiya səfərindən sonra yumşalacağı ehtimal olunur.
“Daxili siyasətdə Rusiyanın “adamları”na qarşı aparılan “mafiya ovu” isə daha çox Paşinyan hakimiyyətinin qarşıdakı dövrdə möhkəmləndirilməsinə xidmət edir. Məsələn, Samvel Karapetyan artıq bir neçə aydır ev həbsindədir. Köçəryan və Sarukyanın da ölkədən çıxışına qadağa qoyulub. Bu şəxslər hakimiyyətə qarşı açıq çağırışlar səsləndiriblər.
Onların fəaliyyət imkanlarının məhdudlaşdırılması və ölkədən çıxışlarına qadağa qoyulması seçki nəticələrinə qarşı fəaliyyət planlarını açıq şəkildə bəyan edən “üçbaşlı müharibə partiyası”nın gələcəkdə sülh və sabitliyi poza biləcək addımlarının qarşısını almağa hesablanıb.
Çünki Ermənistan parlament seçkilərindən sonra mühüm bir mərhələyə qədəm qoymalıdır – Konstitusiya dəyişiklikləri prosesi. Müxalifətin seçki nəticələri ətrafında yarada biləcəyi qalmaqallar bu prosesi ləngidə bilər”, – deyə politoloq vurğulayıb.
Şəhla Cəlilzadə qeyd edib ki, seçkilərdən sonrakı dövrdə Ermənistana səfər edən ilk xarici nümayəndə heyətlərindən biri Azərbaycandan olub. Bu fonda iki ölkə arasında münasibətlərin normallaşdırılması və yeni sülh gündəliyinin icrası Paşinyanı “müharibə partiyaları”na qarşı daha sərt mövqe tutmağa sövq edir. Onun sözlərinə görə, Robert Köçəryan hər zaman sülh prosesini sabotaj etməyə çalışıb.
“Azərbaycanla sülh danışıqlarına mane olmaq məqsədilə 1998-ci ildə Levon Ter-Petrosyanın istefaya getməsinə səbəb olan, 1999-cu ildə Ermənistan parlamentində baş vermiş qanlı oktyabr hadisələrinin təşkilində adı hallanan, Xocalı qətliamı ilə əlaqələndirilən, eləcə də 2008-ci ildə prezident seçkiləri zamanı Ermənistan daxilində yaşanan gərginliklər dövründə onlarla insanın ölümü ilə nəticələnən hadisələrə görə tənqid olunan Köçəryan kimi daşnak və radikal düşüncəli siyasətçilərin sülh dövründə Ermənistanın daxili və xarici siyasi proseslərindən mümkün qədər kənarlaşdırılması sülh prosesinin və sabitliyin qorunması baxımından vacibdir”, – deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






