Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heydər Əliyev milli özünüdərk və müasir dövlətçilik təfəkkürünün banisidir
Heydər Əliyev milli özünüdərk və müasir dövlətçilik təfəkkürünün banisidir

“Ümumiyyətlə, 15 İyun Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, dövlətçiliyin və milli məfkurənin qurtarıcısı kimi çıxış etdiyi ilk tarixi proses olmayıb. Hələ 1969-cu il iyulun 14-də Ümummilli Liderin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycan geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına çevrildi, mədəniyyət, incəsənət və ədəbiyyat intibah dövrünə qədəm qoydu. Müstəqilliyin bərpası üçün zəruri baza da məhz həmin dövrdə formalaşmağa başladı.

Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita hələ Sovet dövründə Azərbaycana daha müstəqil davranmaq imkanı verdi. Hətta çəkinmədən demək olar ki, Heydər Əliyevin rəhbərlik etdiyi Sovet Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətindən heç də az müstəqil deyildi, 1991–1993-cü illərin Azərbaycanından isə daha müstəqil idi.

Biz illər boyu yanlış təbliğatın və bəzi müəlliflərin yarıtmaz tarix dərsliklərinin təsiri ilə Sovet Azərbaycanına bütövlükdə yalnız təqiblər dövrü kimi yanaşmışıq. Halbuki Heydər Əliyevin müəllifi olduğu 1978-ci il Konstitusiyasının 68-ci maddəsində Azərbaycanın suverenliyi, 69-cu maddəsində SSRİ-dən sərbəst çıxmaq hüququ, 73-cü maddəsində isə Azərbaycan dilinin dövlət dili statusu təsbit olunmuşdu. Heydər Əliyev "dəyişdirə bilməyəcəyi bir rejimdə xalq üçün nə etmək olar?" sualına cavab verməyi bacaran ilk və son lider oldu”.

Bu fikirləri Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib.

Deputat qeyd edib ki, tarixdən məlumdur ki, Sovet hakimiyyətinin ilk illərində bolşeviklər kommunist ideologiyasına bağlı olmayan hər şeyin üzərindən xətt çəkməyə çalışırdılar. İnanclar, ənənələr, hətta milli musiqi belə keçmişin qalığı hesab olunurdu. Maraqlıdır ki, SSRİ dağıldıqdan sonra bu düşüncə vandalizmi Azərbaycanda yenidən baş qaldırdı. Onun sözlərinə görə, bolşeviklərin muzdurlar şurasından fərqlənməyən AXC–Müsavat tandemi Sovetlərə aid olan hər şeyə nifrət aşılamağa, hətta Böyük Vətən müharibəsi iştirakçılarını belə xəyanətdə ittiham etməyə başladı.

“Bunun bir səbəbi var idi – Heydər Əliyevə qarşı kin və düşmənçilik.

Onlar yaxşı bilirdilər ki, Azərbaycan xalqı Əliyev kimi bir dahini qoyub başqasına üz tutmayacaq. Buna görə də Heydər Əliyevi SSRİ və DTK ilə assosiasiya edərək gözdən salmağa çalışırdılar. Amma xalq yaxşı bilirdi ki, Heydər Əliyev həm DTK sədri olduğu dövrdə, həm Azərbaycana rəhbərlik etdiyi illərdə, həm də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən hər zaman milli maraqlara xidmət edib. Əks halda, 1988–1989-cu illərdə meydan hərəkatında iştirak edənlərdən daha çox məhrumiyyətlərə məruz qalmazdı.

Heydər Əliyev SSRİ-nin ən qüdrətli dövründə Konstitusiyada SSRİ-dən çıxmaq hüququnu təsbit etdiyi halda, 1991-ci ildə, hətta SSRİ dağıldıqdan sonra belə, həmin dövrün hakimiyyəti müstəqillik addımlarını atmaqdan çəkinirdi. Əvvəlcə Bakıda qaldırılmalı olan üçrəngli bayrağı məhz Heydər Əliyev Naxçıvanda qaldırdı. Əsl müstəqillik yolu, əsl qurtuluş və dirçəliş də məhz bu idi”.

Bəhruz Məhərrəmov bildirib ki, bu gün qərəzsiz və səmimi düşünən hər bir azərbaycanlı anlayır ki, Heydər Əliyev milli özünüdərkdir, müasir müstəqillik təfəkkürümüzün banisidir.

“Sirr deyil ki, SSRİ mövcud olduğu müddətdə biz ona öz dövlətimiz kimi yanaşmış, ona ürəkdən inanmışıq. Bir çox tanınmış ziyalılarımız da əqidəli kommunist kimi Sovet dövlətini özününkü hesab edirdi. Belə bir inam şəraitində xalqın müstəqillik haqqında düşünərək SSRİ kimi qüdrətli bir dövlətdən üz çevirməsi faktiki olaraq mümkünsüz görünürdü.

Lakin Ulu Öndərin 1987-ci ildə haqsız və ədalətsiz şəkildə siyasi hakimiyyətdən uzaqlaşdırılması xalqın Sovetlərə olan inamının sarsılmasına səbəb oldu. Azərbaycanın müasir müstəqillik yolu da məhz bu qırılma nöqtəsindən başlayır. Təsadüfi deyil ki, Heydər Əliyevin təqiblərə məruz qalmasından cəmi bir neçə ay sonra, 1988-ci ildə başlanan meydan hərəkatının ilk iştirakçılarının əllərində məhz Heydər Əliyevin portretləri var idi”.

Deputat təəssüflə vurğulayıb ki, bəzi Azərbaycan tarixçiləri və müstəqillik tarixini qələmə alan müəlliflər bu məqamın üzərindən sükutla keçirlər.

“Halbuki onların bir çoxunun əlini qələmə də, çörəyə də Heydər Əliyev çatdırıb. Əlbəttə, Heydər Əliyevin böyük tarixi cılız adamların yazdığı və yazdırdığı tarix kitablarına sığışa bilməzdi. Çünki o, özü tarix yaradan dahi idi və bunu hər kəs qəbul edib və edir. O cümlədən, özünü Əliyev yüksəkliyinə rəqib sayanlar da.

Təsəvvür edin, prezidentliyi dövründə ona müxalifətdə olanlar da, bu gün Heydər Əliyev yoluna kölgə salmağa çalışanlar da bu böyük şəxsiyyət qarşısında o qədər acizdirlər ki, özlərinin kim olduqlarını yaxşı anlayaraq mübarizə yollarını tarixə, ayrı-ayrı tarixi şəxsiyyətlərə istinad etməkdə və Heydər Əliyev şəxsiyyətini onlarla müqayisə etməyə çalışmaqda görürlər.

Lakin unudurlar ki, istər XX əsrin əvvəlində, istərsə də XX əsrin sonunda istinad etdikləri şəxsiyyətlərin heç birinin davam edən siyasi yolu olmayıb. Biz onların da xatirəsini ehtiramla anırıq. Amma Heydər Əliyevin yolu var. Çünki hansısa siyasi xətt və ideya davam edirsə, bu artıq yoldur. Nə qədər mütərəqqi olsa belə, davam etməyən ideya yol deyil, dalandır”.

Deputat bildirib ki, bu gün Heydər Əliyevin davam edən siyasi xətti Azərbaycanın müstəqilliyinin, suverenliyinin, inkişaf və tərəqqisinin yeganə təminatıdır.

“Tarix ən azı iki dəfə göstərib ki, Azərbaycan dövləti yalnız Heydər Əliyev yolunda irəlilədikcə möhkəmlənib və güclənib. Eyni zamanda tarix sübut edib ki, xalqımızın faciələri məhz Heydər Əliyevin siyasi hakimiyyətdən getdiyi dövrlərdə baş verib.

Bilirsiniz ki, Ermənistan dövləti yarandığı 1918-ci ildən etibarən Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb və 1969-cu ilə qədər bu iddiaları mərhələli şəkildə həyata keçirib. Hətta 1960-cı illərin ortalarında sosial-məişət problemlərini bəhanə edərək Qarabağda qiyam cəhdləri də olmuşdu və Qarabağın Ermənistana birləşdirilməsi məsələsi artıq gündəmdə idi. Məhz Heydər Əliyevin simasında Azərbaycanda güclü və milli iradənin hakimiyyətə gəlməsi bu prosesə son qoydu.

1969-cu ildən 1987-ci ilə qədər Qarabağda kimsə baş qaldıra bildimi? Amma Ulu Öndərin istefasından cəmi iki həftə sonra o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi məsələsi yenidən gündəmə gətirildi.

Heydər Əliyev hakimiyyətdə qalsaydı, erməni millətçiləri heç vaxt belə cəhdlərə əl atmağa cəsarət etməzdilər. Çünki Prezident İlham Əliyevin mayın 10-da Şuşada dediyi kimi, ‘Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu’.

Yazılmalı olan tarix məhz budur. Yoxsa hansısa müəllifin Zori Balayana cavabı və ya populist qəzet məqalələri hansı siyasi-hüquqi nəticəni verdi? 1987–1993-cü illərdə erməni millətçiləri və onların himayədarları qarşısında kim dayana bildi?”

Bəhruz Məhərrəmov vurğulayıb ki, bu gün Heydər Əliyev artıq siyasətdən üstün bir dəyərə çevrilib.

“İstər iqtidar, istərsə də müxalifət olsun, bu ölkədə və bu regionda xalqa xidmət etməyin və uğur qazanmağın yolu məhz bu siyasi xəttə söykənməkdən keçir. Bu yol bizi Qarabağa, Şərqi Zəngəzura apardı. Bu gün isə 300 mindən artıq soydaşımızın baxışları Göyçəyə, İrəvana və Qərbi Zəngəzura yönəlib.

Bu mənada Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri də dövlətçiliyi və milli iradəni ifadə edən siyasi xəttin davamlılığını Prezident İlham Əliyevin timsalında təmin etməsi oldu.

Biz adətən ata vəsiyyətindən danışarkən Zəfərə fokuslanırıq. Amma unutmayaq ki, Heydər Əliyev həm də böyük hüquq və dövlətçilik adamı idi. Onun başqa bir vəsiyyəti müəllifi olduğu Azərbaycan Konstitusiyasının 8-ci maddəsində öz əksini tapıb.

Prezident İlham Əliyev necə ki, şanlı Zəfərlə son iki əsrdə qarşıda duran əsas ümummilli vəzifəni yerinə yetirdi, eyni zamanda ardıcıl sosial-iqtisadi, hüquqi və diplomatik addımlarla Ulu Öndərin dövlətçilik konsepsiyasını da həyata keçirdi.

Bu gün Prezident İlham Əliyev sözün həqiqi mənasında xalqın birliyini təcəssüm etdirir, Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. O, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı və harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların hamisidir.

Azərbaycan xalqının qarşısında isə bu gün bir vəzifə dayanır – Prezident İlham Əliyevin ətrafında sıx birləşmək. Ən azı mövcudiyyətimizi qorumaq, böyüyən övladlarımızın xoşbəxt həyatı, təhlükəsizlik, sabitlik və inkişaf, müstəqillik, suverenlik və ən əsası, qazanılmış Zəfərlərin davamlılığı naminə bu yol davam etməlidir”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »