Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsinin tarixi xəritələr əsasında aparıldığını və prosesin bu çərçivədə davam etdiyini bildirib.
O, Ermənistanın 29 min 743 kvadratkilometr elan olunmuş ərazi bütövlüyündən heç bir güzəşt verilməyəcəyini vurğulayıb.
Asryan həmçinin 2021–2022-ci illərdə Azərbaycanın nəzarətinə keçən bəzi ərazilərin sərhəd dəqiqləşdirilməsi nəticəsində geri qaytarılmalı olduğunu iddia edib.
Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanda seçkilər yenicə yekunlaşıb.
Onun sözlərinə görə, müharibə tərəfdarları və Rusiyanın tərəfdarları məğlub olub, Paşinyan və onun partiyası qalib gəlib. Buna görə də ölkədə müəyyən gərginliklər müşahidə olunur.
“Bizə də indiki dövrdə Ermənistanda seçki atmosferinin dincliklə yekunlaşması sərf edir. Burada Ermənistan müxalifətindən çox, Rusiyanın ciddi pozuculuq rolu, fəaliyyəti açıq şəkildə hiss olunur”, – deyə deputat bildirib.
O, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sərhədlərin müəyyənləşməsi məsələsi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib.
Elşad Musayev deyib ki, 2020-ci ildə Azərbaycanın nəzarətinə keçən ərazilərlə bağlı deyilənlər Azərbaycanın öz torpaqlarıdır.
“Mən də tarixi sənədlər əsasında delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsinin tərəfdarıyam. O halda Ermənistana, sadəcə, doqquz min kvadrat kilometr qalacaq, onu da biz verəcəyik. Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müəyyən qədər belə bəyanatlar verir, başqaları da verəcək, belə populist çıxışlar olacaq.
Eyni zamanda onu da nəzərinizə çatdırım ki, Azərbaycanın özündə də bu məsələlərdə çox pessimist və güzəştli mövqedə duranlar həddən artıq çoxdur. Bu, politoloqların içərisində də var, siyasi partiya rəhbərləri içərisində də var. Deputatlardan da belə çıxış edənlər olub ki, “Başkənd qaytarılmalıdır” və s. Bunlara qarşı bizim cavabımız da hər zaman sərt olub.
Eyni zamanda, Qazax rayonunun işğal altındakı torpaqları ilə bağlı Azərbaycan siyasi çevrəsində mən Elşad Musayevdən başqa hamı “anklav” deyir bu ərazilərə, mən isə bunun əleyhinə olmuşam. Heç bir anklav yoxdur, bunlar bizim ərazilərimizdir və artıq geri qaytarılıb. Ondan sonra bu “anklav” deyənlər də səsini kəsdi.
Ona görə də Ermənistan tərəfi müəyyən gərginliyi nəzərə alaraq belə şişirdilmiş və populist bəyanatlar verə bilər. Amma şərtləri diktə edən tərəf Azərbaycandır. Şərtləri biz diktə edirik, indi şükür ki, vasitəçilərsiz məsələlər qaydasına qoyulur və bu da bizə lazımdır. Dinc şəkildə Ermənistan–Azərbaycan münaqişəsini yekunlaşdırmalı, nəticədə sülh sazişi imzalanmalı, Orta Dəhliz və Zəngəzur dəhlizi açılmalı, bundan isə həm Ermənistan, həm Azərbaycan, həm də bölgə ölkələri – Çindən Avropaya qədər, eləcə də qardaş Türkiyə və türk cümhuriyyətləri fayda götürməlidir”, – deyə deputat bildirib.
İradə Cəlil, Bizimyol.info






