Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-nun Gürcüstan və Ermənistanla artan əməkdaşlığı gündəmdə
NATO-nun Gürcüstan və Ermənistanla artan əməkdaşlığı gündəmdə

KTMT rəsmisi Valeri Semerikov Qafqazda Qərb və Türkiyənin artan təsirinin regionda gərginliyi yüksəldə biləcəyini iddia edib.

Onun sözlərinə görə, təşkilatın qərb sərhədləri istiqamətində təhlükəsizlik riskləri artır və əsas təhlükə mənbəyi kimi Avropa göstərilir. Bu bəyanat regionda geosiyasi rəqabətin daha da kəskinləşdiyini göstərən növbəti mesaj kimi qiymətləndirilir.

KTMT-nin Qərb və Türkiyənin regiondakı fəallığını təhlükə kimi dəyərləndirməsi hansı geosiyasi məqsədlərə xidmət edir?

Politoloq İlqar Vəlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu bəyanat bir tərəfdən reallıqları tam və obyektiv şəkildə əks etdirmir.

Onun sözlərinə görə, regionda fəallıq mövcuddur, yəni həm NATO-nun, həm də Türkiyənin aktivliyi müşahidə olunur. Lakin eyni zamanda hər iki tərəfin KTMT üzvlərindən ən azı biri, yaxud da ən azı ikisi ilə çox sıx münasibətləri var.

“İndi hazırda Qazaxıstan ölkəsidir ki, həm Türkiyə ilə, xüsusilə Türkiyə ilə, eyni zamanda NATO ilə də müəyyən əməkdaşlıq proqramları həyata keçirir və bu əməkdaşlıq proqramları inkişaf etdirilir”, – deyə politoloq qeyd edib.

Politoloq bildirib ki, regionda yeni təhlükəsizlik balansı formalaşır və bu balansın yaranmasında müxtəlif qütblər və güc mərkəzləri iştirak edir.

“Hamıya məlumdur ki, Azərbaycanla Türkiyə arasında müttəfiqlik bəyannaməsi var. Yəni ‘Şuşa Bəyannaməsi’ var ki, bu, iki ölkə arasında ən vacib və əsas sənəd sayılır. Bu sənəd çərçivəsində həm hərbi əməkdaşlıq, həm hərbi-texniki əməkdaşlıq, həm də hərbi-siyasi əməkdaşlıq yer alır. Bu sənəd artıq beş ildir ki, qüvvədədir, böyük işlər görülüb və bundan sonra da görüləcək. Azərbaycan heç kimdən gizlətmir ki, öz ordusunu NATO standartları üzərində qurur və bu proses davam edir”.

Politoloqun sözlərinə görə, NATO Gürcüstanla münasibətlərdə yeni əlaqələri inkişaf etdirir və təşkilatın təşəbbüsü ilə Gürcüstanda müxtəlif çoxtərəfli təlimlər keçirilir.

“Son illərdə Ermənistan da NATO və ya ABŞ ilə əməkdaşlıq qurur. Təkcə Amerika Birləşmiş Ştatları deyil, eyni zamanda Fransa da NATO ölkəsi olaraq bu proseslərdə yer alır.

Rusiya, yaxud KTMT isə bu proseslərə birmənalı yanaşmır. Xüsusilə bu çərçivədə müxtəlif məsələlər qaldırılır. Amma yenə də reallıqlar göstərir ki, KTMT daxilində olan bütün ölkələr bu proseslərə eyni, yəni Rusiya kimi yanaşmır. Yaxud rəsmi Moskva kimi yanaşmırlar və çalışırlar ki, daha balanslaşdırılmış siyasət aparsınlar.

Narahatlıqlar var, müxtəlif fikirlər səsləndirilir. Amma onların da məqsədi KTMT ölkələrini bu proseslərə qarşı səfərbər etməkdir. Lakin reallıqlar bu yeni istəklərdən qat-qat uzaqdır”, – deyə politoloq bildirib.

O qeyd edib ki, KTMT-nin nə NATO-ya, nə də NATO-nun ayrı-ayrı ölkələrinə qarşı istifadə olunması mümkün deyil, xüsusilə də Türkiyəyə qarşı. Ona görə də bu bəyanatlar daha çox deklarativ xarakter daşıyır və ehtimal ki, əvvəlki illərdə olduğu kimi bu dəfə də bəyanat səviyyəsində qalacaq.

“Həm Azərbaycanın, həm də digər ölkələrin NATO ilə və Türkiyə ilə münasibətləri Rusiyaya və ya KTMT-yə qarşı yönəlməyib. Bu quruma qarşı heç bir aqressiv plan yoxdur. Bu səbəbdən KTMT ölkələri bunu çox yaxşı başa düşürlər”, – deyə İlqar Vəlizadə əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »